Kanadalı professor: İslamofobiya ölkəmizdə inanılmaz həddə çatıb

Kanadalı professor: İslamofobiya ölkəmizdə inanılmaz həddə çatıb
# 16 mart 2023 11:34 (UTC +04:00)

Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans ikinci günündə öz işinə davam edir.

APA xəbər verir ki, bu gün beynəlxalq konfransda "Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar iclas keçirilib.

“Wilfrid Laurier” Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin ölkəsi Kanadada islamofobiya hallarına diqqət çəkib: "İslamofobiya Kanadada inanılmaz həddə çatıb. 1 yanvar 2019-cu ildə və 6 iyun 2021-ci illərdə baş verən hadisələri xatırlayırsınız. Hər iki dəhşətli hadisədə müsəlman qadınlar hicablı formada idi. Yəni müsəlman qadınlar əgər öz dini inanclarına xas geyim geyinərsə, onlar artıq bəzi təzyiqlərə, təcridlərə, həmçinin müəyyən zorakılığa məruz qalırlar. Bütün bunlar müsəlmanlara, müsəlman qadınlara qarşı nifrətin təzahürüdür".

Xanım Jasmin Zin İranda hicabı doğru geyinmədiyi üçün 22 yaşlı Məhsa Əminiyə qarşı tətbiq edilən şiddətə və ardınca İranda baş verən etirazlara diqqət çəkib: "İran qadınlarının hərəkatından sonra Qərb qadınları, məşhur simalar saçlarını kəsərək, baş örtüklərini yandıraraq onlara dəstək nümayiş etdirməyə başladı. Amma, istənilən halda, müsəlman qadınların təhlükəli olduqları, onların şeytan formasında təqdim edilməsi kimi halların yayğın olduğunu görürük".

Professor bütün bunlarla mübarizəni əks etdirən sənət nümunələrini misal çəkib.

Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Kərimov İslam sözünün əmin-amanlıq, sülh demək olduğunu qeyd edərək, tarixən islam dininə qarşı neqativ düşüncə və addımları pisləyib: "Amma İslam zühur edəndən bu yana islamofob düşüncə, təəssüf ki, olub.

Əsrlər boyu müsəlman ölkələrində xristianlar rahat formada yaşayıblar. Bu, peyğəmbər tərbiyəsinin nümunəsidir. Məni ən çox dəhşətə gətirən Napoleonun etdikləridir. Amma bu gün Fransada Napoleon bütün ən yüksək ordenlərlə təltif edilib".

Dünya Müsəlman İcmaları Şurasının baş katibi Məhəmməd Beçəri qərb anlayışı ilə xristian aləmi anlayışının fərqli anlayışlar olduğunu diqqətə çatdırıb: "Qərb dünyası dedikdə heç də xristian aləmini nəzərdə tutmuruq. Burada bəzi Qərb dövlətləri nəzərdə tutulur. Ümumiyyətlə, xristian dünyası qətiyyən islamofob düşüncədə olmamalıdır. Bütün dinlər bərabərlik, birlik anlayışlarını ehtiva edir. Amma bəzi Qərb ölkələrində, bəzi Qərb düşüncəsində daimi olaraq İslam anlayışına qarşı neqativ yönümlü fikirlər səsləndirilir. Hətta bu, mədəni səviyyəyə qədər gəlib çıxır. Məsələn, Salman Rüşdinin "Şeytan ayələri" kitabında müsəlmanlara qarşı çox kəskin fikirlər var".

Qərb KİV-nin öz yayılma qabiliyyəti ilə İslam haqqında təhrif olunmuş fikirlər yaymasını təəssüflə qeyd edən baş katib qərbdə islama qarşı düşüncənin tamamilə dəyişdirilməyə doğru getdiyini əsas gətirib: "Birinci növbədə, insanlar arasında, mədəni sistemlər arasındakı uçurum yaradan media aradan qaldırılmalıdır. Təəssübkeşliyin, dinlərə nifrətin, ümumiyyətlə nifrətə qarşı çəkindirici nitq və hərəkətlərin mühakimə edilməsi tələb və təşkil olunmalıdır. Ən əsası isə, islamofobiya ilə mübarizə kütləvi olmalıdır. Biz lobbilərimiz vasitəsilə buna nail olmağa çalışmalıyıq. İstər BMT, istər Avropa Parlamentində sözügedən problemlə əlaqədar qanun layihəsinin qəbul olunmasına nail olmalıyıq. Əks halda, mübarizəmiz effektiv olmayacaq".

Çıxışlardan sonra ümumi suallar ətrafında müzakirə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR