QMİ sədri: Cinayətkar şəbəkələr internetdə nəzarətsiz uşaqlarla asanlıqla əlaqə qurur

QMİ sədri: Cinayətkar şəbəkələr internetdə nəzarətsiz uşaqlarla asanlıqla əlaqə qurur
# 08 fevral 2023 13:26 (UTC +04:00)

Fevralın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dəstəyi, İtaliyanın Vatikandakı səfirliyi və “Telefono Azzurro” uşaq qaynar xəttinin birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal dünyada uşaq və yeniyetmələrin qorunması probleminə həsr olunmuş “Təhlükəsiz İnternet Günü” görüşündə virtual formatda iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, bir sıra Avropa ölkələrindən ictimai, siyasi və dini xadimlərin qatıldığı tədbirdə Şeyxülislam A.Paşazadə çıxış edib.

Gənc nəslin internetin təhlükələrindən qorunması probleminin fövqəladə mühüm və aktual olduğuna toxunan Şeyxülislam A.Paşazadə son illərdə mövzuya həsr olunmuş tədbirlərin bir çoxunun mütəmadi olaraq Vatikanda keçirilməsinin nümunəvi ənənəyə çevrildiyini təqdir edib. O, təəssüflə qeyd edib ki, internet üzərindən edilən təsirlər nəticəsində uşaq və yeniyetmələrin törətdikləri çoxsaylı zorakılıq, başqasını və ya özünü şikəst etmə, qətl və intihar halları baş verir, İnternetdə cinsi istismar təhlükəsi isə xüsusi narahatlığa səbəb olur. Cinayətkar şəbəkələr nəzarətsiz qalan uşaq və yeniyetmələrlə asanlıqla əlaqə qura bilir, onları yoldan çıxararaq müxtəlif cinayətlərə sövq edir.

QMİ sədri vurğulayıb ki, gələcəyimizin təminatı üçün belə hallara qarşı zaman itirmədən tədbirlər alınması zəruridir. Şeyxülislam qlobal İnternet məkanını gənc nəsil üçün təhlükəsiz təlim-tədris, ünsiyyət və özünü ifadə etmə məkanına çevirmək üçün hökumətləri, ictimai xadimləri, təhsil və dini təşkilatları sıx məqsədyönlü əməkdaşlığa dəvət edib.

Şeyxülislam A. Paşazadənin çıxışı maraqla qarşılanıb. Tədbirdə Azərbaycan Respublikasının Vatikandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab İlqar Muxtarov iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR