"Vicdan azadlığı və media" mövzusunda konfrans keçirilib - FOTO

"Vicdan azadlığı və media" mövzusunda konfrans keçirilib  - FOTO
# 15 dekabr 2022 12:50 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Vicdan azadlığı və media" mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Dövlət Komitəsinin, Mətbuat Şurasının rəhbərliyi, media təmsilçiləri, eləcə də dini konfessiya və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açaraq konfransın mövzusunun aktuallığına toxunub. Radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural va tolerant ənənələrin qorunması və təbliği istiqamətində mətbuatın üzərinə düşən vəzifələr barədə danışıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub. Ölkədə ictimai-siyasi sabitliyin qorunmasında kütləvi informasiya vasitələrinin roluna diqqət çəkib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Vicdan azadlığı, ideoloji təhlükəsizlik və media" mövzusunda təqdimatla çıxış edib, daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans çərçivəsində Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi ədəbiyyatlardan ibarət sərgi də nümayiş etdirilib. Qeyd edək ki, tədbirin məqsədi medianın vicdan azadlığı kontekstində fəaliyyətinin dini icmalarla əlaqələndirilməsi və vicdan azadlığının təmin olunmasında kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifələrin müzakirə edilməsidir.

Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR