QMİ sədri Rus Pravoslav kilsəsinin Mitropolitini qəbul edib

QMİ sədri Rus Pravoslav kilsəsinin Mitropolitini qəbul edib
  • Clock-gray 16:49
  • calendar-gray 04 Mart 2021

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Rus Pravoslav kilsəsinin Mitropoliti İoanı (Georgi Roşşin) qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq, iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirib.

A. Paşazadə Azərbaycanın əzəli Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan bütün vətəndaşlarımızın, o cümlədən, rus pravoslav qardaşlarımızın dövlət  ətrafında sıx birləşməsindən, onların da arasında şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayıb. Şeyxülislam həzrətləri erməni təcavüzkarlarının 30 il istila altında qalan əzəli torpaqlarımızda həyata keçirdikləri zorakılıq və etnik təmizləmə cinayətlərindən, tarixi-dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarından bəhs edərək,  hazırda ölkəmiz qarşısında azad olunmuş torpaqlarda bərpa və dinc həyatın yenidən qurulması, dini məbədlərin, o cümlədən, məkrli qriqorianlaşdırma əməllərinə məruz qalmış tarixi xristian məbədlərinin gələcəyinin müəyyən edilməsi, eləcə də Ermənistan dövlətinin və erməni kilsəsinin Azərbaycana qarşı apardığı dünya miqyaslı iftira və ləkələmə kampaniyasına, Ermənistanla Azərbaycan arasında qarşıdurmanın dini müstəviyə keçirmək cəhdlərinə qarşı fəaliyyət kimi vəzifələrin durduğunu qeyd edib.

Şeyxülislam Ermənistanla Azərbaycan arasında münaqişənin guya dini müstəvidə olduğunu göstərməyə imkan verməmək üçün indiyədək böyük işlər görən Rus Pravoslav kilsəsinin bundan sonra da regionda dinc həyatın bərpa olunması yolunda öz səylərini əsirgəməyəcəyini bildirib.

Qəbula görə Şeyxülislam həzrətlərinə öz təşəkkürünü bildirən Mitropolit İoan yenidən Azərbaycanı ziyarət etməkdən xoşbəxt olduğunu bildirib. O, QMİ sədrinin fikrinə şərik çıxaraq 21-ci əsrdə dinlərin və dinlərarası əməkdaşlığın əhəmiyyətinin daha da artdığını, müasir dünyanın problemlərinə qarşı ən təsirli vasitələrdən biri olduğunu qeyd edib.

Günay Elşadqızı

Digər xəbərlər