Namiq Əliyev: “Tokio Olimpiadasına lisenziyaların yarısını dünya çempionatında qazanacağıq”

Namiq Əliyev: “Tokio Olimpiadasına lisenziyaların yarısını dünya çempionatında qazanacağıq”
# 06 sentyabr 2019 12:56 (UTC +04:00)

“Çox önəmli dünya çempionatıdır. Bu, Tokio Olimpiya Oyunlarına lisenziya verən ilk yarışdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev bu gün keçirdiyi brifinqdə deyib.

Sentyabrın 14-də Qazaxıstanın Nur-Sultan şəhərində start götürəcək güləş üzrə dünya çempionatında yığmamızın 28 üzvü xalça üzərinə çıxacaq. Sərbəst və yunan-Roma güləşinin hərəsində 10, qadın güləşində 8 idmançımız medallar uğrunda mübarizə aparacaq.

N. Əliyev bildirib ki, Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatında həm Yaponiyaya vəsiqələrin, həm də medalların sayının çox olacağına inanır: “Lisenziyaların sayı azaldılıb. İştirakçıların sayı hər çəkidə 21 nəfərdən 16-ya endirilib. Lisenziya uğrunda mübarizə aparmaq çox ağır olacaq. Komandamız kifayət qədər hazırlıqlıdır. Hesab edirəm ki, dünya çempionatında uğurla çıxış edəcək. Əksər lisenziyaları Nur-Sultanda əldə edəcəyik”.

N.Əliyev çempionat öncəsi yaranan çətinliklərdən də danışıb: “Yarış öncəsi müəyyən problemlərimiz yarandı. Nurməhəmməd Hacıyev zədələndi. Şərif Şərifov 92 kq çəkidə güləşməli idi, amma indi 97 kq çəkidə mübarizə aparacaq. Ona görə heyətdə müəyyən qədər dəyişikliklər etdik. Buna baxmayaraq, hesab edirəm ki, lisenziyaların yarısını dünya çempionatında qazanacağıq. Medallarımız həmişəki kimi çox olacaq. Güləşçilərimiz kifayət qədər təcrübəli idmançılardır. Demək olar ki, əsas heyət çıxış edəcək. Heyətdə dünya və Avropa çempionlarımız var. Həmişə olduğu kimi yenə də kifayət qədər medalımız olacaq. Bizim üçün əsas istiqamət Olimpiya lisenziyalarıdır. Onları əldə etmək, sonra Tokioya hazırlaşmalıyıq. Olimpiya Oyunlarına bir ildən də az vaxt qalıb. Əsas hədəfimiz lisenziyalardır”.

O yığmadan kənar qalan Olimpiya çempionu Toğrul Əsgərovun durumuna da toxunub: “Toğrul artıq məşqlərə başlayıb. Tam həcmdə güləşə bilməsə də, məşqlərə davam edir. İlin sonuna qədər bir neçə turnirdə çıxış edəcək. Düşünürəm ki, o, Olimpiya Oyunlarına qədər öz sözünü deyəcək. Qarşıda Avropa çempionatı və digər yarışlar da var. Olimpiya Oyunlarında gənc idmançılarımızın da adlarını eşidəcəksiniz. Artıq dünya çempionatında da gənclər yığmasının bəzi üzvləri əsas komandaya qoşulublar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR