“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib
  • Clock-gray 18:13
  • calendar-gray 05 Aprel 2021

Aprelin 5-də Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyətidir və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirilib. 

Agentlikdən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli 2408 nömrəli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunub.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib. 

K. İmanov 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini dövlətimiz tərəfindən tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsi kimi hər birimizin ürəyindən xəbər verdiyini vurğulayıb. 

O bildirib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir: “Dahi şairin sönməz yadigarına uyğun olaraq, onu yalnız söz ustası kimi tanımaq ədalətsiz olardı. Dünya ədəbiyyatının 5 ən görkəmli dahi şairləri sırasına daxil edilən böyük Azərbaycan şairi Nizami gözəl elmşünas və alim idi, dünyanın o zamankı təbii elmlər, riyaziyyat və humanitaristika nailiyyətlərini bədii, şeir dilində dərk etmiş və açıqlamış şəxsiyyət idi. Nizaminin bilikləri zamanına uyğun olan ən yüksək təbiətşünaslıq və həndəsə, kosmologiya və musiqişünaslıq, psixologiya və etnoqrafiya, dərin ilahiyyat nümunələri idi. Sadalananların bir mənası var – Nizami biliklərinin dərya qədər sonsuz olmasıdır, 9 əsr öncəki açıqlamalarının müasir elmlə ayaqlaşması, onlarla birgə səslənməsidir. Budur, dahi elmşünas şairimizin dövlət varidatı elan edilən və qorunan əqli mülkiyyəti”.

K.İmanov dahi şairi doğma torpağından və millətindən ayırmağa çalışanların da olduğunu vurğulayaraq onların sırasında “Ermənistan səsi”nin jurnalisti Aris Kazinyanın xüsusi yer tutduğunu deyib: “Erməni müəllifinin dərc etdiyi “Poliqon Azərbaycan” əsərində bir yalan və uydurma digərlərinin üzərində qurulur. “Müəllif” məqsədini qısa ön sözündə əks etdirib, yəni kitabda (sitat) “Orta əsr fars şairi Nizami Gəncəvinin Azərbaycan şairinə çevrilməsi nümunəsində Azərbaycan millətinin ötən əsrdə modelləşməsi barədə danışılır” və bununla “Qarabağ problemi araşdırılır”. Qısaca desəm, həmin şəxsin tezislərinə əsasən, guya Nizaminin Azərbaycan şairi olmaması (saxtakarlıq yolu ilə elan edilməsi) Azərbaycan millətinin Sovet dövründə süni, direktiv şəkildə yaradılması və Qarabağın Azərbaycan torpağı olmaması bir-birinə bənzər zəncirvari proseslərdir”.

Nizaminin azəri türkü olduğunu bildirən K.İmanov bunu şairin dili ilə – “Yeddi gözəl”in tərcüməsindən olan sözlərlə ifadə edib: “Bu Həbəşdə mənim türkçülüyümü dəyərləndirmirlər”... və digər bir tərcümədə Nizami “almaz türkçülüyü”ndən söhbət açır. Odur ki, tanınmış şərqşünas alim Bertelsin qənaəti belədir: “söhbət təkcə şairin ərazi mənsubiyyətindən yox, ilk növbədə Nizami yaradıcılığının ruhunun Azərbaycanla dərin bağlılığından gedir”.

Mədəniyyət naziri Anar Kərimov isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsinin milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxardığını, türk-islam intibahını özünün ən uca zirvələrinə qaldırdığını bildirib: “Odur ki, 2021-ci ilin “Nizami İli” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Azərbaycan üçün deyil, türk, şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Bu Sərəncam Azərbaycanın ədəbi və bədii irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisidir”.

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sədri Günay Əfəndiyeva, ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Kembric Universitetinin (Böyük Britaniya) professoru xanım Kristin van Ruymbeke və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı çıxış ediblər. 

Vebinarda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin “Nizami yaradıcılığı – qlobal mənəvi dəyər kimi” və Azərbaycan Milli Elmlər Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra xanım Allahverdiyevanın "Azərbaycan-türk mədəniyyətinin zirvəsi Nizami Gəncəvi" və professor Kamran İmanovun “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda məruzələri də dinlənilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər