Moskvada “Azərbaycan xalq nağılları” kitabının təqdimatı keçirilib - FOTO

“Azərbaycan nağılları” sərgisinin açılışı

© APA | “Azərbaycan nağılları” sərgisinin açılışı

# 30 dekabr 2021 12:35 (UTC +04:00)

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzində “Azərbaycan nağılları” sərgisinin açılışı olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Azərbaycan” pavilyonunun təşkilatçılığı ilə keçirilən sərgi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Tədbirin balaca qonaqları və onların valideynləri Azərbaycan xalq nağıllarının “Cırtdan”, “Tıq-Tıq xanım”, “Göyçək Fatma”, “Div”, “Məlikməmməd” və digər personajları ilə tanış olublar.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun rus dilində çap etdirdiyi “Azərbaycan xalq nağılları” kitabının təqdimat mərasimi keçirilib.

Layihənin müəllifi fondun vitse-prezidenti Leyla Əliyevadır.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova sərginin keçirilməsində məqsədin rusiyalıları Azərbaycan mədəniyyəti, qədim ənənələri olan şifahi xalq ədəbiyyatı ilə yaxından tanış etməkdir: “Azərbaycan nağılları Azərbaycan xalqının dünyagörüşünü, həyata münasibətini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Bugünkü tədbirdə biz Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Leyla xanım Əliyevanın müəllifi olduğu “Azərbaycan xalq nağılları” kitabını təqdim edirik. Bu kitabın rus dilində nəşr olunması çox vacibdir. Burada qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondu və Leyla Əliyeva rus dilinin inkişafı və bu dildə düşünən, danışan insanların Azərbaycan haqqında məlumatlı olmaları üçün çox işlər görürlər”.

Tədbir çərçivəsində uşaqlar üçün hədiyyəli müsabiqələr keçirilib, mahnılar ifa edilib, rəqslər nümayiş olunub. Yeni il bayramının qəhrəmanları olan Şaxta baba və Qar qızın ifasında balacalar üçün səhnəcik təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR