Kristian Efros: "Neftçi" ilə oyunda riskə getdik və nəticə belə alındı"

Kristian Efros: "Neftçi" ilə oyunda riskə getdik və nəticə belə alındı"
  • Clock-gray 23:10
  • calendar-gray 18 İyul 2019

"Oyun barədə çox danışmaq olar. Rəqibi təbrik edirəm". 

APA-nın məlumatına görə, bunu Moldovanın "Sperantsa" futbol klubunun baş məşqçisi Kristian Efros deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:3) olduğu kimi, cavab görüşündə də "Neftçi"yə böyük hesabla (0:6) məğlub olan Moldova klubu avrokuboklarla erkən vidalaşıb.

27 yaşlı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- İlk oyundan sonra demişdiniz ki, "Neftçi" hakimlərin hesabına qalib gəlib. Bu nəticə sizə cavab oldumu?
- İlk oyunla bağlı fikrimi dəyişmirəm. Amma bugünkü matçla bağlı eyni şeyi deyə bilmərəm. Təəssüf ki, biz "Liverpul" deyilik. Böyük riskə getdik və nəticə belə alındı. Birinci oyunda başqa hesab qeydə alınsaydı, bu gün də oyun fərqli olardı.

- Adətən belə böyükhesablı məğlubiyyətdən sonra baş məşqçi klub prezidentinə hesabat verir. Siz atanıza nə deyəcəksiniz?
- Məncə, bu, sizin yox, bizim daxili problemlərimizdir. Mən hesabatı prezidentə verəcəyəm.

- İlk oyundan sonra "Neftçi"yə ikinci dərəcəli rəqib kimi yanaşmışdınız. Yəqin ki, bugünkü nəticədən sonra "Neftçi"ni unutmayacaqsınız...
- Deyə bilərsiniz ki, aqressiv danışıram. Aqressiv suallar verirsiniz və eyni şəkildə cavab gözləyirsiniz. Sizin xoşunuza gələn çox şey danışa bilərəm. Sizi başa düşə bilmirəm. Gəlin futboldan yox, həyatdan da danışaq. Əgər maaşınız aşağıdırsa, həmişə onun çox olmasını istəyəcəksiniz. Hər bir şəxs uğurlu olmasını istəyir. Mən həmişə qələbə qazanmaq istəyirəm. Bu gün alınmadı, sabah alınacaq. Ancaq axmağın biri deyə bilər ki, sabah uduzacağam.

- "Neftçi" barədə çox sərt açıqlamalar vermişdiniz. Hətta ironiyalı atmacalar da atmışdınız...
- Problem nədədir? Moldovada pomidor çoxdur. Orda şərab da var. Azərbaycanda neft var, bununla qürur duymalısınız. Heç vaxt Azərbaycan haqda pis ifadə işlətməmişəm. Sadəcə, sizin neft satdığınızı demişəm. Dünən də bildirdim ki, Azərbaycanın qonaqpərvərliyi xoşuma gəldi. "Neftçi" rəhbərliyinin meydanı sulamaqla bağlı sözləri xoşuma gəlmədi. Siz də bizim mentalitetimizi bilməlisiniz. Çünki sizin kimi, bizim də öz mentalitetimiz var.

- "Neftçi" növbəti turda "Arsenal"la qarşılaşacaq. Paytaxt klubunun şanslarını necə qiymətləndirirsiniz?
- Əgər "Neftçi" qrup mərhələsinə çıxsa, biz qürur duyacağıq. Hər iki komandaya uğurlar arzulayıram.

Vüqar Xeyrullayev

Digər xəbərlər

Arxiv

date