AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdır”

AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdır”
# 31 may 2020 10:29 (UTC +04:00)

“Hadisələr çempionatın bərpasına doğru gedir. Yarışın bərpa olunması və idman prinsipinin qorunması vacib məqamdır”.

Bunu apasport.az saytına AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri arasında bu gün keçiriləcək iclas öncəsi fikirlərini bildirən Sadıqov koronavirus pandemiyası səbəbindən martda dayandırılan çempionatın bərpasının vacib olduğunu söyləyib: “Yəqin ki, bu gün baş tutacaq iclasda çempionatın nə zaman bərpa olunacağı müəyyənləşər və klublar sabahdan məşqlərə başlaya biləcəklər. Həyat normala dönür, futbol da öz yerini tutur. Bizə çoxlu zənglər gəlir, futbolumuzun taleyi ilə maraqlanırlar. Hamı futbol üçün darıxır. Ümid edirəm ki, tezliklə hər şey qaydasına düşəcək”.

Təcrübəli mütəxəssisin fikrincə, komandalara məşq üçün 3 həftə vaxt lazım olacaq: “Normalda məşqə daha uzun müddət vaxt vermək lazımdır. Amma yaranmış vəziyyət bu müddətin az olmasını şərtləndirir. Avqustun 3-nə qədər mövsümü yekunlaşdırmalıyıq. Hesab edirəm ki, təxminən 2-3 həftəlik məşqdən sonra oyunlar bərpa olunmalıdır. Bir müddət əvvəl Operativ Qərargah parklarda gəzmək icazəsi vermişdi. Məncə, futbolçular bu müddətdə onlayn şəkildə fərdi hazırlıq keçərək müəyyən mərhələni geridə qoya biliblər. Düzdür, 3 həftəlik məşq azdır. Ancaq klub rəhbərləri, məşqçilər və futbolçular yaranmış vəziyyəti başa düşürlər. Ən əsası odur ki, futbolumuz qayıdır”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası koronavirus pandemiyası səbəbindən XX turdan sonra dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR