Almaniya Bundesliqasının XXVII turunda keçirilən "Mayns" - "Leypsiq" oyununun nəticəsi tarixi rekorda yaxın olub.
Apasport.az saytının məlumatına görə, səfərdə 5:0 hesablı qələbə qazanan "Leypsiq" ilk dövrədə də bu rəqibinin qapısından 8 cavabsız top keçirib.
Cari mövsüm "Mayns"a iki matçda 13 qol vuran "Leypsiq" Bundesliqa tarixinin ikinci ən məhsuldar göstəricisinə imza atıb. Bu baxımdan rekord Mönhenqladbax "Borussiya"sına məxsusdur. Adıçəkilən komanda 1984/85 mövsümündə Braunşveyq "Ayntraxt"ını iki görüşün cəmində 14:0 (10:0, 4:0) hesabı ilə üstələyib.
Qeyd edək ki, "Leypsiq" hazırda 54 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. "Mayns" isə aktivindəki 27 xalla 15-ci sıradadır.