Fariz Nəcəfov: “Hər növbəti gün çempionatın bərpasını bir az da çətinləşdirir” – MÜSAHİBƏ

Fariz Nəcəfov: “Hər növbəti gün çempionatın bərpasını bir az da çətinləşdirir” – MÜSAHİBƏ
# 22 may 2020 11:43 (UTC +04:00)

“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Artıq iki aydan çoxdur ki, Premyer Liqa dayandırılıb. Çempionatın bərpası nə dərəcədə inandırıcı görünür?
- Hər növbəti gün çempionatın bərpasını bir az da çətinləşdirir. Bununla belə, Premyer Liqadakı 8 tur və kubokda ehtiyac olan 3 oyun günü üçün sıx təqvim hazırlamaq olar. Nəzərə alaq ki, yarışları avqustun əvvəlinə kimi yekunlaşdırmalıyıq. Fikrimcə, bunun üçün hələ də şansımız var. Diqqət yetirsək görərik ki, iyunun sonunda bərpa olunacaq bir neçə çempionat var. Deməli, biz də iyunun əvvəli məşqlərə başlasaq, çempionatda qaldığımız yerdən davam edə bilərik. Əlbəttə ki, komandalar üçün asan olmayacaq, futbolçular uzun müddətdir kollektiv şəkildə məşq keçmirlər. Amma hamımız artıq bu fors-major halı qəbul etmişik və anlayırıq ki, çətin olacaq.

- Ölkədə karantin rejimini yumşaltdırıldıqdan sonra koronavirusa yoluxma hallarının sayı artır. Belə vəziyyətdə çempionatı bərpa etmək futbolçuların həyatı baxımından riskli olmaz?
- Hər bir vətəndaş kimi, biz də ölkəmizdə virusla bağlı vəziyyəti gündəlik olaraq təqib edirik. Aidiyyəti qurumların da dediyi kimi, son günlərdə yoluxma sayının artımı gözlənilən idi, çünki karantin rejimi ilə bağlı bəzi qərarlar yumşaldıldı. Önəmli olan vəziyyətin nəzarət oluna biləcək səviyyədə saxlanılmasıdır ki, açıqlamalardan göründüyü kimi, bu gün üçün gözlənilməz bir durum yoxdur, hər şey nəzarət altındadır. Risk hər zaman var, tək futbolçular üçün yox, hər bir vətəndaş üçün. Sadəcə göstərilən qaydalara riayət edib, riski minimum səviyyəyə endirmək lazımdır.

- Digər tərəfdən həm çempionatda 4-cü yerlə aranızdakı xal fərqini 4-ə endirmisiniz, həm də kubokda mübarizəni davam etdirirsiniz. Mövsüm yarımçıq başa çatdırılsa, buna hər hansı bir narazılıq bildirəcəksiniz?
- Çempionatla bağlı veriləcək qərar şəxsi qərar olmayacaq ki, bunun üçün etiraz edilsin. Məsələn, komandaların məşqlərə başlanılmasına daha bir müddət icazə verilməsə, biz də anlayırıq ki, çempionatı bərpa etmək mümkünsüz olacaq. AFFA və PFL mütəmadi olaraq klublarla əlaqədədir və daim fikir mübadiləsi aparılır. Vəziyyətlə bağlı bir neçə mümkün ssenari hazırlanır. Bütün planlar AFFA, PFL və klublar tərəfindən qurulur. Hər hansı qərara etiraz olacağını düşünmürəm. Çünki vəziyyətə uyğun addım atılacaq.

- Yəqin ki, futbolçularla müntəzəm əlaqə saxlanılır. Oyunçuların psixoloji durumu necədir, onlarda hər hansı bir qorxu hiss edirsinizmi?
- Bütün futbolçuların gündəlik verdiyi sual “nə vaxt məşqlərə başlayırıq”dır. Bu elə bir məsələdir ki, əgər növbəti gün üçün məşqlərə başlanılacağını elan etsək, hər birinin psixoloji vəziyyəti tam qaydasında olacaq. Məşqlərin bərpasını həvəslə gözləyən futbolçuların qorxduğunu düşünmürəm.

- Mövsüm bərpa edilsə, müqaviləsi mayın sonuna qədər olan futbolçular axıra qədər qalıb oynayacaqlarmı?
- Çempionatın bərpası ilə bağlı hansısa qərar olmasa, bu məsələ ilə bağlı hansısa müzakirə, danışıq yersizdir. Heç bir futbolçu bizə deməyib ki, oynamaq istəmirəm. Çünki, onsuz da, uzun müddətdir futbolsuz qalıblar. Bu məsələlərə yalnız qərar çıxdıqdan sonra baxacağıq.

- Amin Seydiyev “Sabah”la anlaşdı. Digər futbolçular üçün ölkə daxilindən və ya xaricindən təkliflər varmı? Məsələn, Qismət Alıyevin adı “Neftçi” də daxil olmaqla bir neçə klubla birgə hallanır...
- Bu gün üçün bir neçə futbolçumuza təklif var. Təbii ki, Qismətin də uğurlu çıxışı ona maraq yaradır. Akademiyadan çıxan futbolçularımızın istənilən klubda uğurlu karyera qurması bizi yalnız sevindirir. Komandamızdan daha kimlərin gedəcəyi, aşağı yaş qruplarından kimlərin qoşulacağı yalnız məşqlər, ümumiyyətlə, futbol bərpa olunduqdan sonra bəlli olacaq.

- Bir çox futbolçunun müqavilə müddəti bitir. Yeni sözləşmə ilə bağlı danışıqlara start veribmi?
- Yalnız çempionatla bağlı qərar verildikdən sonra bu məsələləri müzakirə edə bilərik. İndi qeyri-müəyyənlikdir və hər hansı danışıq, şifahi razılaşma belə, vəziyyətlə bağlı qərardan sonra tam dəyişə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR