Lüksemburqlu futbolçu: “Azərbaycana qarşı oynamaq çətin olacaq” - MÜSAHİBƏ

Lüksemburqlu futbolçu: “Azərbaycana qarşı oynamaq çətin olacaq” - MÜSAHİBƏ
# 12 mart 2020 13:42 (UTC +04:00)

Lüksemburq yığmasının futbolçusu Antoni Morisin apasport.az-a müsahibəsi

- Lüksemburq Millətlər Liqasında Kipr, Monteneqro və Azərbaycanla eyni qrupda mübarizə aparacaq. Püşkatmanı komandanız üçün uğurlu hesab edirsiz?
- Məncə, yaxşı qrupdur. Bütün komandalar özünə görə güclüdür. Hər halda, qrupda yaxşı oyunların gedəcəyini düşünürəm.

- Azərbaycan yığması haqda hər hansı məlumatınız var?
- Düzünü desəm, Azərbaycan millisi haqda hansısa məlumatım yoxdur. Sadəcə son nəticələrinə baxmışam. Buna əsasən son illərdə inkişafda olduğunu deyə bilərəm.

- Maraqlıdır, nəticələrə baxarkən, hansı oyun daha çox diqqətinizi çəkdi?
- AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığması ilə 1:1 hesabı ilə başa çatan matç.

- Bəs Azərbaycan millisini Lüksemburq üçün güclü, yoxsa zəif rəqib sayırsız?
- Əlbəttə ki, Azərbaycan yaxşı komandadır. Son dünya ikincisi Xorvatiya ilə 1:1 oynamış komandadır. Bu da onu göstərir ki, Azərbaycan millisinin səviyyəsi, keyfiyyəti var. Qrupda mübarizə aparan hər bir komanda üçün yığmanıza qarşı oynamaq çətin olacaq. Burada biz də istisna deyilik.

- Belə olan halda Azərbaycanı qrupun favoriti hesab edirsiz?
- Xeyr, fikrimcə qrupumuzun favoriti Monteneqro millisidir. Çünki onların heyətində çox güclü, yaxşı klublarda oynayan, təcrübəsi futbolçular var. Amma Azərbaycan yığması da keyfiyyətli komandadır və onlara qarşı heç də asan olmayacaq.

- Azərbaycanlı futbolçular və ya klublardan necə tanıdığınız var?
- Bakı komandası haqda məlumatım var. Orada vaxtilə Emil Mpenza oynayıb. Amma klubun adını dəqiq bilmirəm (“Neftçi”ni nəzərdə tutur - red). Azərbaycanla bağlı bildiyim yeganə məlumat budur.

- Lüksemburqla əvvəlki görüşlərdə Azərbaycan millisi iki dəfə heç-heçə edib, bir dəfə qalib gəlib. Yığmanın qapıçısı kimi, növbəti qarşılaşmalarla bağlı hansı proqnozu verərdiz?
- Bu, bir qədər çətindir. Amma oyunların çətin keçəcəyini fikrimdə qalıram. Çünki hər iki komanda uğurlu nəticə üçün oynayacaq. Hansı hesabın olmasını görüşlərdə görəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR