Saman Nərimancahan: "Azərbaycanda futbola İrandakı qədər maraq yoxdur" - MÜSAHİBƏ

Saman Nərimancahan: "Azərbaycanda futbola İrandakı qədər maraq yoxdur" - MÜSAHİBƏ
# 07 mart 2020 21:30 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyundan sonra "Neftçi"nin yarımmüdafiəçisi Saman Nərimancahan jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının məlumatına görə, 4:0 hesablı qələbəni dəyərləndirən iranlı futbolçu çempionluq şanslarının davam etdiyini vurğulayıb.

- 4:0 hesablı qələbə sizin üçün gözlənilməz olmadı?
- Oyun yaxşı keçdi. Ötən turdakı matçın son dəqiqələrində buraxdığımız səhvləri təhlil etmişdik. Bu üzdən hakimin final fitinə qədər konsentrasiyanı itirmədik və futbol dərsi keçdik. Bu gün bütün komponentlərdə "Sabah"dan üstün idik, yaxşı paslaşırdıq. Hətta daha 3-4 qol vura bilərdik. Bütün komanda əla çıxış etdi. Gərək qalan matçları da bu cür keçirək. Fikrimcə, bunu bacarsaq, çempion ola bilərik. Belə aqressiv, sürətli oynasaq, heç "Qarabağ" da bizə qalib gələ bilməz.

- Öz çıxışınızdan razı qaldınız?
- Kollektivə, demək olar ki, 90 faiz uyğunlaşmışam. Amma bundan da yaxşı ola bilərəm. Komandaya hər oyunda köməklik etməyə çalışıram. Məhsuldar ötürmə ilə, qolla qələbəyə töhfə vermək istəyirəm.

- Oyunun gedişində qapıçınız Aqil Məmmədovun halı pisləşdi və əvəzləndi. Bunun komandaya mənfi təsiri olmadı?
- Əlbəttə ki, oldu. Mən özüm də çox narahat idim. Daha sonra onun yanına getdik. Aqil bizim yaxşı oyunçularımızdan biridir. Digər qapıçımız Səlahətlə ikisi komandaya pozitiv enerji verir. Hər ikisi bizə çox lazımdır.

- Növbəti turda "Zirə"ni öz meydanınızda qəbul edəcəksiniz. Ardıcıl 3-cü dəfə "Bakcell Arena"da oynayacaqsınız...
- "Zirə" ilə oyun çətin olacaq. Azərbaycan çempionatını yaxından izləməmişdim. 2-3 oyunun çətin olacağını düşünürdüm. Amma görürəm ki, bütün matçlar çətin keçir. "Qəbələ" bu gün "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldi. Bu o deməkdir ki, konsentrasiyanı ani itirmək məğlubiyyətə səbəb ola bilər. Gərək bütün oyunları başdan sona qədər aqressiv keçirəsən.

- Keçən turda həm siz, həm də "Qarabağ" xal itirmişdi. Bugünkü qələbədən sonra "Səbail"lə matçda qələbəni əldən verməyinizə təəssüflənmirsiniz?
- Əsas məsələ də budur ki, xal itirməyək. Biz böyük komandayıq. "Səbail"lə görüşdə küləyin də təsiri olmuşdu. Rəqibin vurduğu qolda külək topun səmtini dəyişdi. Yəqin ki, Allah həmin hücumun qolla nəticələnməsini istədi. O oyun artıq geridə qalıb, önümüzdəki matçlara baxmaq lazımdır.

- "Keşlə" sabah "Qarabağ"ı qəbul edəcək. Bu görüşdə "Qarabağ"ın büdrəməsini gözləyirsiniz?
- İlk növbədə öz oyunlarımızın hamısını qələbə ilə bitirək, sonra "Qarabağ"ın xal itirməsinə ümid edək. Hər matçda qalib gəlməli və "Qarabağ"ın büdrəməsi üçün dua etməliyik. "Qarabağ"la oyunda da qələbə qazanmaq lazımdır ki, sonra çempion olmadığımız üçün şikayətlənməyək. Onların əvəzinə oynamayacağıq ki. Mövsümün ilk yarısında onlar çox xal toplamışdılar ki, bu da işimizi çətinləşdirir. Ancaq yenə də mübarizəni davam etdirmək lazımdır.

- Komanda daxilində ab-hava necədir? İkinci yer sizin üçün uğur sayılacaq?
- Böyük klubda oynayırsansa, daim çempionluğa iddia etməlisən. İranda iki böyük klubda oynamışam, birinin heyətində çempion olmuşam. Hər yerdə azarkeşlər böyük klubdan çempionluq tələb edirlər. Biz də bunu yaxşı başa düşürük. Bütün gücümüzü ortaya qoyacağıq ki, sonda çempion olaq.

- İrandakı oyunlarda tribunalar dolu olur. Burada az azarkeş önünə çıxmaq sizi narahat etmir?
- İranda 80-90 milyonluq əhali var, burada isə cəmi 10 milyon. Digər tərəfdən burada futbola İrandakı qədər maraq yoxdur. Orada 10 yaşdan 80 yaşa qədər hamı futbolla maraqlanır. Hər şəhərin öz komandası var və azarkeşlər onu daim dəstəkləyirlər. Üç il "Traktor"da oynadım, matçlarımıza 80 min azarkeş gəlirdi. Burada isə avrokubok görüşləri zamanı tribunalar dolu olur.

- Qolu azarkeşlərlə birlikdə qeyd etməyiniz nə ilə bağlı idi?
- İlk qolum idi, bunu da azarkeşlərə həsr etmək istədim. Ümid edirəm ki, davamlı olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR