Zahid Niyazəliyev: “Gəncləri narkotikdən uzaq tutan məşqçilərin çoxunu AFFA yarışlara buraxmır”

Zahid Niyazəliyev: “Gəncləri narkotikdən uzaq tutan məşqçilərin çoxunu AFFA yarışlara buraxmır”
# 08 iyul 2020 14:06 (UTC +04:00)

"Azərbaycan futbolunu xərçəng xəstəliyindən təmizləmək üçün müəyyən konsepsiyamız var. Hansı ki, həmin konsepsiya ilə bağlı 1999-cu ildə qəzetlərdə öz fikrimi bildirmişəm".

Bunu apasport.az saytına "İrəvan" futbol klubunun prezidenti Zahid Niyazəliyev deyib.

Ötən il yaradılan və Region Liqasında mübarizə aparan "İrəvan" klubunun bu gün 1 yaşı tamam olur. Klub rəhbəri Niyazəliyev Azərbaycan futbolunun inkişafı yolları ilə bağlı öz məsləhətlərini verib: "Azərbaycan futbolunun inkişafı, gələcəkdə yüksək səviyyəli futbolçular yetişdirib Avropaya, postsovet məkanı ölkələrinə satmaq üçün konsepsiya üzrə iş görmək lazımdır. İlk növbədə Avropadan uşaq futbolu ilə məşğul olan yüksək səviyyəli 40-50 mütəxəssis gətirmək lazımdır. Bölgələrdə futbol akademiyaları yaradılmalı və həmin məşqçilər oralara təyin edilməlidir. Onların yanına isə perspektivli, futbola ac olan gənc məşqçilər təhkim olunmalıdır. Orada həm futbolçu, həm də yüksək səviyyəli məşqçi yetişdiriləcək. Zonalar üzrə müxtəlif yarışlar keçirilib, parlaq uşaqları seçmək lazımdır. Bölgələr üzrə yığmalar yaradılmalı və həmin seçilən uşaqlar ora cəlb edilməlidir. Bu sadalananlara əməl etsək, 6-7 ildən sonra heç bir ölkənin futbolu Azərbaycan futbolu qarşısında dayan bilməz".

Keçmiş "Saf"ın baş məşqçisi vəzifəsini icra etmiş Zahid Niyazəliyev akademiyalara ciddi nəzarətin vacibliyini vurğulayıb: "Regional akademiyalar yaradılsın, onlar birbaşa dövlət qurumlarına, assosiasiyaya tabe olsun. Ciddi nəzarət də edilməsə, özbaşınalıq yaranacaq. Futbol klublarına da göstəriş verilməlidir ki, hamı öz uşaq futbol məktəbini yaratsın. AFFA da həmin məktəblərə maddi və mənəvi dəstək versin. Gözümüz artıq paslanıb. Nə qədər Rəşad Sadıqovun, digər qoca futbolçuların oyunun baxmaq olar? Azərbaycan futbolunda qan dəyişikliyi olmalıdır".

"İrəvan"ın prezidenti AFFA-nı bacarıqlı məşqçilərə işləmək imkanı verməməkdə günahlandırıb: "AFFA-nın qapısı yerli məşqçilərin, futbolçuların üzünə açıq olmalıdır. 2003-cü ildə kütləvi futbolla məşğul olan istənilən gənc hansısa komandanı yarışa çıxara bilirdi. Gəncləri, uşaqları narkotikdən, pis vərdişlərdən uzaq tutan məşqçilərin çoxunun komandasını AFFA indi yarışlara buraxmır. Bunların hamısını nəzərə almaq lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR