Azərbaycan kubokunun finalçısı İspaniyada karyerasını başa vurub

Azərbaycan kubokunun finalçısı İspaniyada karyerasını başa vurub
# 17 oktyabr 2019 16:28 (UTC +04:00)

Azərbaycanda “Neftçi” və “Simurq”un heyətində oynamış ispaniyalı futbolçu Xuan Alberto Melli karyerasını başa vurub.

APA-nın məlumatına görə, daha çox İspaniyanın “Betis” klubundakı çıxışları ilə tanınan 35 yaşlı müdafiəçi ötən yaydan sonra klubsuz qaldığını görərək futbolla vidalaşmağa qərar verib.

Bu addımı onun özü açıqlayıb: “Peşəkar karyeramı bitirməyə qərar verdim. “Betis” həyatımın komandası olub və belə də qalacaq. Karyeram ərzində “Tenerife”, Yunanıstan, Belçika, Moldova, Azərbaycan, “Reus”, hətta “Mirandas”da qarşılaşdığım, təcrübə bölüşdüyüm hər kəsə təşəkkür edirəm”.

2015-ci ildə Zaqatalanın “Simurq”, 2015/16 mövsümündə Bakının “Neftçi” klubunda çıxış edən X.A.Melli paytaxt klubu ilə Azərbaycan kubokunun finalçısı olub. Bunadək yetirməsi olduğu “Betis” (2001-10), hənçinin “Tenerife” (2010-11), Belçikada “Gent” (2011-13), Moldovada “Şerif” (2013-14), Yunanıstanda “Erqotelis” (2014-15) klublarında oynayan müdafiəçi “Neftçi”dən ayrıldıqdan sonra “Reus Deporteu” (2016-17) və “Mirandas”da (2017-19) çıxış edib. İspaniya yığmaları ilə U-17 və U-19-lar arasında Avropa çempionu, U-20-lərin dünya çempionatının gümüş mükafatçısı olan X.A.Mellinin hesabında İspaniya kuboku (2004/05) və Moldova çempionluğu (2013/14) da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR