Mahmud Qurbanov: "Ürəyimiz yanır, bu uğursuzluğu həzm etmək olmur" - MÜSAHİBƏ

Mahmud Qurbanov: "Ürəyimiz yanır, bu uğursuzluğu həzm etmək olmur" - MÜSAHİBƏ
# 20 noyabr 2019 12:17 (UTC +04:00)

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Yığma komandamız AVRO-2020-nin seçmə mərhələsində çıxışını Slovakiyada başa vurdu. Nikola Yurçeviçin rəhbərlik etdiyi milli son oyunda 0:2 hesabı ilə uduzaraq, antirekorddan qaça bilmədi. Beləliklə, yığmamız AVRO-1996-da olduğu kimi, tsikli 1 xalla bitirdi. Bunun səbəbini nədə görürsünüz?
- Əvvəlcə onu deyim ki, milli hamımızın həssas yeridir. Ürəyimiz yanır, bu uğursuzluğu həzm etmək olmur. Klub səviyyəsində müəyyən nailiyyət qazansaq da, ölkənin bir nömrəli komandası azarkeşləri üzməkdə davam edir. Uğursuzluğun səbəblərinə gəlincə, komandanın içində olmadığımız üçün dəqiq analiz etmək çətindir. Yurçeviçin seleksiya işi, məşq prosesi, motivasiya üslubu haqda fikir bildirmək üçün gərək onun iş metodunu yaxından izləyəsən. Amma istənilən halda, nəticə yoxdursa, bu, artıq onun işinin göstəricisidir. Yığma tsikli çox zəif, bərbad nəticə ilə başa vurdu.

- Necə düşünürsünüz, baş məşqçi istefaya göndərilməlidir?
- Buna AFFA qərar verəcək. Mənim fikrim nəyi dəyişir?

- Həm bir mütəxəssis, həm də azarkeş kimi deyə bilərsiz, yığmanın oyunu sizi qane edirmi? Yurçeviç komandada nəyi dəyişib?
- Ədalət naminə deyək ki, elə bu seçmə mərhələdə yaxşı oyunlarımız olub. Hansı ki, futbolçular apardıqları mübarizə ilə rəğbət oyadıblar. Amma ümumilikdə tənqid yönü daha çoxdur. Tarixdə nəticə qalır. Nəticə isə yoxdur.

- AFFA Millətlər Liqasından sonra Qurban Qurbanovu istefaya göndərərkən, hədəfin AVRO-2020-nin final mərhələsinə vəsiqə əldə etmək olduğunu bildirmiş, qərarını bu iddia ilə əsaslandırmışdı.
- Hələ o vaxt, qrupdakı rəqiblərlə tanış olandan sonra bilirdik ki, bu iddia reallığı əks etdirmir. Çünki bu qrupdan çıxmaq mümkünsüz idi. Hamısı son qitə çempionatında final mərhələsində iştirak etmiş komandalar idi. Yığmanın özünü göstərə bilməməsinin obyektiv səbəblərindən biri məhz rəqiblərin güclü olması ilə izah olunmalıdır. Gəlin etiraf edək ki, potensialımız Xorvatiya, Uels, Macarıstan, Slovakiya kimi komandaların yer aldığı qrupdan çıxmağa imkan vermir. Ancaq 1 xala haqq qazandırmaq olmur. Ən azından ev oyunlarında daha artığını əldə etmək olardı.

- Potensial yoxdursa, Xorvatiyadan necə xal aldıq? Yaxud perspektivsiz yığmaya əcnəbi məşqçi rəhbərlik etməlidirmi?
- Bir güllə bahar olmur. Bəli, futbolçular xorvatlara qarşı yaxşı mübarizə aparıb yeganə xalı qazandılar. Ancaq ümumi nəticə real gücümüzü ortaya çıxardı. O ki qaldı, əcnəbi məşqçi məsələsinə, fərq etmir o postda kim əyləşib. Əsas odur ki, futbolumuzu inkişaf etdirsin. Məşqçi AFFA-ya konsepsiya təqdim etməlidir. İnkişafın yolunu göstərməlidir.

- Siz çıxış yolunu nədə görürsünüz?
- Futbolçularımız, elə məşqçilər də xaricə yollanmalıdır. Ayaqlaşmaq istəyiriksə, ilk növbədə bundan başlamalıyıq. Paralel olaraq, uşaq futboluna diqqəti artırmalıyıq. Kompleks tədbirlər görülməlidir. Biz isə ili ilə satmışıq: nəticə bundan xəbər verir.

- İndiki məqamda Yurçeviçin postunda qalmasının tərəfdarısınız, yoxsa yığmamızın yenidən yerli mütəxəssislərdən birinə tapşırılmasının?
- Çətin ki, AFFA Yurçeviçlə müqaviləni uzatsın. Çünki nəticə göz qabağındadır. Buna görə federasiyaya ictimai təzyiq var. AFFA düzgün qərar verməlidir. Yeni məşqçinin milliyyəti önəm daşımır, əsas odur ki, komandamıza can yandırsın, işini düz qursun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR