Xordad hadisələri ilə bağlı Berlində keçirilən aksiyada bəyanat səsləndirilib

Xordad hadisələri ilə bağlı Berlində keçirilən aksiyada bəyanat səsləndirilib
# 20 may 2023 19:08 (UTC +04:00)

Mayın 20-də Almaniyanın paytaxtı Berlində Xordad hadisələrinin 17-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, “Azadlıq, Ədalət, Milli Hökumət” Berlin aksiyasında yekin bəyanat oxunub.

Bəyanatda deyilir:

“Azad dünyanın ayıq vicdanları,

İran vətəndaşları uzun illərdir ki, demokratiyanın bərqərar olması üçün mübarizə aparır və bunun üçün çox ağır bədəllər ödəyiblər.

Xüsusilə son aylarda bütün ölkəyə bir inqilab dalğası yayıldı, amma təəssüf ki, İslam Respublikası rejimi bu dalğanı zorakılıq və qəddarlıqla yatırtdı, yüzlərlə insanı qətlə yetirdi, minlərlə insanı yaraladı, on minlərlə insanı həbs edib işgəncələrə məruz qoydu. İran rejimi dərin siyasi, iqtisadi, sosial və ekoloji böhranlarla üzləşsə də, normal bir dövlətin əsas tələblərini yerinə yetirə bilməsə də, ölkədə yoxsulluq, işsizlik və korrupsiya tüğyan etsə də, təəssüf ki, hələ də daxildə vətəndaşlara zülm etməyə, eləcə də regionda və dünyada terror yaymağa davam edir.

Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Milləti ölkə əhalisinin nisbi əksəriyyətini təşkil edib, ölkənin tarixində və quruluşunda mərkəzi rol oynasa da, İrandakı digər əzilən xalqlar kimi bu gün öz təməl iqtisadi, siyasi, mədəni və ictimai hüququndan məhrumdur. Millətimiz bir əsrdən artıqdır ki, öz fundamental hüquqları uğrunda mübarizə aparır və bu gün də “Azadlıq, Ədalət, Milli Hökumət” strateji şüarı ilə demokratik tələbləri uğrunda mübarizəsini davam etdirir. Millətimiz bu mübarizəyə görə çox əziyyətlər çəkib, lakin azadlıq və ədalət uğrunda mübarizəsini heç vaxt dayandırmayıb.

Bu gün keçirdiyimiz mitinq 2006-cı il mayın 22-də Güney Azərbaycanda Türk Millətinin milli zülmə və irqçiliyə qarşı ümumxalq qiyamının il dönümü mübasibətiylədir. Hansı ki onda bir çox vətəndaşımız İran İslam rejimi tərəfindən qətlə yetirilmiş, yaralanmış, həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Nəticədə həmin irqçilik əleyhinə üsyan millətimizin tarixində dönüm nöqtəsi olaraq səbt olmuşdur. Həmçinin, bu gün biz şahid oluruq ki, zalim İran İslam Respublikası rejimi vətəndaşlarımıza qarşı zülm və təzyiqləri o həddə çatdırıb ki, cəmiyyətin ən məsum və müdafiəsiz hissəsini, tələbə qızları kimyəvi hücumlarla hədəfə alır. Aylardır ki İran rejimi hələ bu cani hücumların məsul şəxslərini tapmayıb, bir haldaki həmin rejim bir neçə gün ərzində küçə etirazçılarında iştirak edən insanları müəyyən edib, həbs edib, edam edir.

Biz bu mitinqin iştirakçıları olaraq bununla bütün azad dünyadan tələb edirik ki, İrandakı bütün əzilən xalqlara, o cümlədən Güney Azərbaycanda və İranın digər bölgələrində yaşayan Türk Millətinə, orta əsr zehniyyətli bu rejimdən qurtulmaq və demokratik hüquqlarını əldə etmək üçün kömək etsinlər.

Biz ayrıca, Güney Azərbaycanın hüquqlarını beynəlxalq aləmdə müdafiə edənlərə də təşəkkür edirik. İsrail parlamenti millət vəkillərinin millətimizin hüquqlarının müdafiəsi ilə bağlı məktubu İsrail və Azərbaycan millətlərinin dostluq və məhəbbətinin mükəmməl nümunəsi idi və ona görə də təqdirəlayiqdir. Təbii ki, Güney Azərbaycanın hüquq və azadlıqlarını beynəlxalq aləmdə dəstəklədiyinə və müdafiə etdiyinə görə, Azərbaycan Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlığımızı və şükranlarımız bildirməliyik, çünki onun səylərinin sayəsində Güney Azərbaycan məsələsi dünya ictimaiyyətinin diqqət mərkəzində yer almışdır”.

Güney Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR