Milli QHT Forumu tərəfindən hazırlanmış qanun layihələrinin təqdimatı keçirilib

Milli QHT Forumu tərəfindən hazırlanmış qanun layihələrinin təqdimatı keçirilib
# 15 dekabr 2006 10:02 (UTC +04:00)
Milli QHT Forumu tərəfindən hazırlanmış “QHT-lər haqqında”, “Fondlar haqqında”, “Xeyriyyəçilik haqqında” və “Könüllülük haqqında” qanun layihələrinin ictimaiyyətə təqdim edilməsi məqsədilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Milli QHT Forumunun rəhbəri Azay Quliyev QHT-lərlə bağlı hazırda qüvvədə olan qanunvericilikdə bir sıra problemlər olduğunu bildirib. Problemlərin həlli üçün dəfələrlə təşəbbüs qaldırıldığını qeyd edən millət vəkili bu dəfə konkret qanun layihəsinin hazırlandığını və Milli Məclisə təqdim olunacağını deyib. Dövlət qurumları ilə QHT-lərin əlaqəsinin tənzimlənməsinə ehtiyac duyulduğunu söyləyən A. Quliyev haırlanmış qanun layihəsində bunun da nəzərdə tutulduğunu və QHT-lərin həyata keçirdiyi layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı müddəanın olduğunu vurğulayıb. Mülki Məcəllənin QHT-lərlə bağlı bölməsində dəyişikliklər olacağını deyən A. Quliyev hazırlanmış layihələrin gələn həftə Mülki Məcəllənin dəyişdirilməsi ilə bağlı yaradılmış işçi qrupuna təqdim olunacağını açıqlayıb. Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, hazırkı qanunvericilikdə ilk baxışdan ciddi çatışmazlıq nəzərə çarpmasa da, təcrübədə kifayət qədər problemlər üzə çıxır. Onun sözlərinə görə, bəzi QHT-lər layihələr həyata keçirilərkən tutulan 22 faiz vergidən azad olunacaqlar.
Dəyirmi masada iştirak edən digər QHT rəhbərləri də qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR