Azərbaycan Fövqəladə Hallar Nazirliyi “Şəmkir” gəmisində baş vermiş partlayışla bağlı məlumat yayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi “Şəmkir” gəmisində baş vermiş partlayışla bağlı məlumat yayıb
# 18 dekabr 2006 16:06 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqə İdarəsi bu gün “Şəmkir” gəmisində baş vermiş partlayışla bağlı məlumat yayıb. İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya bildirib ki, bu gün saat 14.27 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112 zəng mərkəzi”nə Baş Yanğın Təhlükəsizliyi İdarəsindən daxil olmuş məlumata əsasən, Neftçilər prospekti 39 ünvanında yerləşən “Paris kommunası” adına Gəmi Təmiri Zavodunda tutumu 12.500 ton olan təmirə dayanmış “Şəmkir” neft daşıyan tankerinin maşın bölməsində qaynaq işləri aparılarkən partlayış baş verib. Partlayış nəticəsində 3 kv.m sahədə yağ qalıqları yanıb. Yanğın kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Cəlil Heybət oğlu Qurbanlının meyiti aşkar olunub. Yanğın zamanı 1968-ci il təvəllüdlü Elçin Çingiz oğlu Musayev, 1942-ci il təvəllüdlü Kamil Xanalı oğlu Əsgərov və 1972-ci il təvəllüdlü Zahid Musa oğlu Məmmədəliyev müxtəlif dərəcəli yanıq xəsarəti alıblar. Yaralılar təcili yardım tərəfindən Bakı şəhər Yanıq Mərkəzinə aparılıblar. Tankerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər saat 14.53-də yanğını söndürüblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR