Vəkil Oqtay Gərəkməzli: “Elçin Əliyevə 9 il iş verilməsi Hacı Məmmədovun kimlərləsə gizli anlaşmaya getdiyini göstərir”

Vəkil Oqtay Gərəkməzli: “Elçin Əliyevə 9 il iş verilməsi Hacı Məmmədovun kimlərləsə gizli anlaşmaya getdiyini göstərir”
# 23 yanvar 2007 11:04 (UTC +04:00)
“Zakir Nəsirov və Kamil Sədrəddinovun ömürlük azadlıqdan məhrum edilməsi ədalətsizlikdir. Ona görə də, hökmü ədalətli saymaq olmaz. Hətta onların Hacının törətdiyi cinayətlərdən xəbərinin olması belə onlara ömürlük azadlıqdan məhrumetmə cəzanın verilməsinə əsas vermir”. Bu açıqlamanı APA-ya DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq şöbə rəisi Kamil Sədrəddinovun vəkili Oqtay Gərəkməzli verib. Hacı Məmmədov və digər təqsirləndirilən şəxslərin 6 aydan artıq davam edən məhkəməsinə münasibət bildirən vəkil hökmün Hacı Məmmədovun bəzi şəxslərlə anlaşması nəticəsində çıxarıldığını deyib: “Bu işdə söhbət Kamilin şəxsiyyətindən getmir, onun yerinə kim olsaydı, həbs olunmalı idi. Burada səbəb başqa məsələdir. Hətta Hacı da məhkəmədə Kamilin onun qarşısını almaq iqtidarında olmadığını bildirmişdi. Görünür, Hacı kimlərəsə söz vermişdi. Onun bacısı oğlu Elçin Əliyevə 9 ilin verilməsi Hacının bəzi şəxslərlə anlaşmaya getdiyini göstərir”. Məhkəmənin hökmündən apelyasiya şikayəti veriləcəyini deyən O. Gərəkməzli Apelyasiya Məhkəməsindən ədalətli qərar gözləmədiyini vurğulayıb. DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov da APA-ya açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini ədalətsizlik adlandırıb və hökmdən apelyasiya şikayəti verəcəyini bildirib. O, Apelyasiya Məhkəməsində şikayətə ədalətli baxılacağına inandığını vurğulayıb. Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın vəkili Vəli Nağdəliyev də hökmü ədalətsiz hesab edib və hökmün surətini götürdükdən sonra apelyasiya şikayəti edəcəyini bildirib: “Hökm ədalətsiz idi. Nailənin əməlində heç bir cinayət tərkibi yoxdur. Ona görə də, ona bəraət verilməli idi”. H. Məmmədovun vəkili Səməd Əliyev də hökmdən apelyasiya şikayəti verəcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR