“Dindarlara qarşı təzyiqlərə son qoyulsun!” mövzusunda mətbuat konfransı keçirilib

“Dindarlara qarşı təzyiqlərə son qoyulsun!” mövzusunda mətbuat konfransı keçirilib
# 23 yanvar 2007 11:08 (UTC +04:00)
Milli Mənəvi Dəyərlər İctimai Birliyi (MMDİB) “Dindarlara qarşı təzyiqlərə son qoyulsun!” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, MMDİB-nin sədri Abgül Süleymanov bildirib ki, yanvarın 21-də 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət etmək və ruhlarına dua oxumaq məqsədilə Şəhidlər Xiyabanında olublar. Burada yerləşən Əbədi Məşəl Kompleksinin ətrafında toplaşaraq dua oxumağa başlayıblar. O, bu zaman Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişovun onlara yaxınlaşaraq mərasimi yekunlaşdırmağı tələb etdiyini qeyd edib: “Biz qanunsuz heç bir addım atmadığımızı və şəhidlərin ruhuna dua oxuduğumuzu bildirsək də, polis əməkdaşlarının təzyiqi nəticəsində 100-ə yaxın mərasim iştirakçısı Şəhidlər Xiyabanından çıxarıldı”. Sonra deyilənləri əks etdirən videosüjet nümayiş etdirildi. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri İlqar İbrahimoğlu polis bu addımını düşünülmüş şəkildə atdığını söyləyib. Onun sözlərinə görə, artıq neçə müddətdir ölkədə dindarlara və inanclı şəxslərə qarşı kampaniya aparılır. Ötən həftə həbs edilənlər də bu tədbirin tərkib hissəsidir. İ. İbrahimoğlu həbs olunan şəxslərin dindar olmadığını da bildirib: “Bununla əlaqədar təşkilatımızın üzvləri tərəfindən araşdırma aparılıb. Məlum olub ki, bu şəxslər heç bir dini qurumun üzvləri deyil. Şayiə yayılıb ki, guya hansısa dini təşkilatlar ölkədə İslam dövləti qurmaq istəyirlər. Bu, tam şəkildə yanlış informasiyadır və heç bir əsası yoxdur”.
Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov APA-ya açıqlamasında bildirib ki, deyilənlər həqiqətə uyğun deyil və mərasim iştirakçıları əhalinin gediş-gəlişinə maneçilik törədiblər. K. Vəlişovun sözlərinə görə, dini mərasimlər üçün məscidlərdə kifayət qədər normal şərait yaradılıb və həmin təşkilatın Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksinin ətrafında mərsiyə oxumasına ehtiyac yoxdur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR