Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz quş ovları aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz quş ovları aşkarlayıb
# 30 yanvar 2007 14:32 (UTC +04:00)
“Quş qripi” xəstəliyinin yayılmasının qarşısını almaq üçün ov mövsümündə quş ovuna müddətsiz qadağa qoyulsa da, aparılan reydlər zamanı bu cür faktlar aşkarlanıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Aparılan reydlər zamanı Bakının Babək prospekti ərazisində çöl göyərçinlərinin vurulması və toplanaraq daşınması aşkarlanıb. Həmin ərazi artıq nəzarətə götürülüb. Nazirliyin əməkdaşları həmçinin Lənkəran rayonu Liman bələdiyyəsinin Qumbaşı adlanan ərazisində yolun kənarında ayrı-ayrı vətəndaşlar tərəfindən çöl quşlarının qanunsuz satılması hallarını da aşkarlayıb. Qanunsuz satılan quşları götürməyə cəhd göstərərkən nazirliyin əməkdaşları Qumbaşı kənd sakinlərinin təzyiq və təhqirlərinə məruz qalıblar. Lakin bütün bunlara baxmayaraq, şəxsiyyətləri məlum olmayan bir neçə nəfərdən 48 ədəd çöl ördəyi, qaşqaldaq və yelpə götürülüb.
Qeyd edək ki, ötən il keçirilən reydlər zamanı 378 akt və protokol tərtib olunub. Vətəndaşlardan 84 ov tüfəngi, 1212 ədəd vurulmuş quş götürülüb və zərərsizləşdirilərək məhv edilib. Bu sahədə aşkar olunmuş qanun pozuntularına görə 207 iş üzrə 5653 manat cərimə tətbiq edilib, ondan 4376,3 manat ödənilib, 39 iş üzrə 3883,15 manat məbləğində iddia qaldırılıb, bu məbləğin 1469,4 manatının ödənilməsi təmin olunub. Xüsusi mühafizə olunan təbiət ərazilərində, Ağgöl Milli Parkında və Qızılağac Dövlət Təbiət Qoruğunda 32 quş ovu faktı qeydə alınıb. 27 quş, 26 ov tüfəngi müsadirə olunub, nəticədə təbiətə 1200 manat dəyərində ziyan dəyməsi müəyyənləşdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR