Abşeronda komendant postundan narkotik keçirmək istəyən şəxs saxlanılıb - VİDEO

Abşeronda komendant postundan narkotik keçirmək istəyən şəxs saxlanılıb - VİDEO
  • Clock-gray 11:21
  • calendar-gray 19 Noyabr 2020

Ölkə ərazisində bəzi şəhər və rayonlarda  tətbiq edilən komendant saatı dövründə polis əməkdaşları və hərbi qulluqçuların ayıq-sayıq xidmət apardığını sübut edən hadisələrdən biri də Abşeron rayonu ərazisində qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axşam saatlarında Xırdalan şəhərində qurulan  komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Həmin çantadan 1 kiloqram 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs  tutularaq istintaqa təqdim olunub.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sail Ağasəlim

Digər xəbərlər