Bakıda silahla qətl törədən dəstə üzvlərinin məhkəməsi başlayır

Bakıda silahla qətl törədən dəstə üzvlərinin məhkəməsi başlayır
  • Clock-gray 18:33
  • calendar-gray 05 Dekabr 2019

Bakıda silahla qətl törətməkdə təqsirləndirilən İlqar Əliyev, Ülvi Hüseynov və Əli Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunur ki, bu il iyunun 24-də Bakının Nizami rayonunun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb ediliblər.

İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr verib və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstəriblər.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date