Bakıda silahlı şəxslər tutulub - FOTO

Bakıda silahlı şəxslər tutulub - FOTO
  • Clock-gray 12:11
  • calendar-gray 08 Fevral 2021

Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb. Onun üzərinə baxış  keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq  və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib. 

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Canbaxış Əliyev tutulub. Onun üzərinə baxış zamanı 2 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb. 

Hər iki faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər