Məhkəmə baş həkimi şantaj edən şəxsləri həbsdə saxlayıb

Məhkəmə baş həkimi şantaj edən şəxsləri həbsdə saxlayıb
# 19 iyun 2020 09:16 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirləndirilən Elxan Hümbətov, Rövşən Əliyev və Hətəmxan Çobanov barəsindəki hökmdən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilənlər özlərini vəzifəli, həmçinin yüksək vəzifəli şəxslərin qohumları kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə təqsirli biliniblər.

Zərərçəkmiş şəxslərdən biri Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovdur. Təqsirləndirilənlər isə bildiriblər ki, M. Zeynalovdan 125 min manatı şantaj yolu ilə deyil, Sumqayıt şəhərinə baş həkim vəzifəsinə düzəltmək adı ilə alıblar. Lakin onlar baş həkimdən şantaj da edərək pul alıblar.

Xatırladaq ki, E. Hümbətov, R. Əliyev və H. Çobanov barəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmək və dələduzluq maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Hümbətov 12 il, R. Əliyev 9 il və H. Çobanov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayətləri verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR