Oqtay Gülalıyevin izlənməsi ilə bağlı fərziyyələr istintaqla təsdiq olunmayıb - RƏSMİ

Oqtay Gülalıyevin izlənməsi ilə bağlı fərziyyələr istintaqla təsdiq olunmayıb - RƏSMİ
  • Clock-gray 13:15
  • calendar-gray 28 Dekabr 2019

29 oktyabr 2019-cu il tarixdə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla oktyabrın 29-da çağrı nömrəsi “9933” olan “A taksi” şirkətində taksi sürücüsü kimi işləyən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə saat 17:22-də Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində sola dönərkən Puşkin küçəsindəki piyada keçidi ilə yolu keçən O.Gülalıyevi ehtiyatsızlıqdan vuraraq onun ağır dərəcəli bədən xəsarəti almasına səbəb olması müəyyən edildiyindən K.Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən hadisədən dərhal sonra kütləvi informasiya vasitələrinə təqdim edilməsinə, hadisə barədə oktyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsi tərəfindən, daha sonra hadisənin təfərrüatları və istintaqın gəldiyi ilkin nəticələrə əsasən hadisənin qəsdən törədilməməsi barədə oktyabrın 31-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən qərəzli olaraq hadisənin guya qəsdən törədilməsi ilə bağlı cəmiyyətdə yanlış fikirin formalaşdırılmasına xidmət edən əsassız məlumatlar yayılmışdır.  

Həmin məlumatlar aparılmış istintaqla sübuta yetirilmədiyindən qəti şəkildə təkzib olunur.

Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, O.Gülalıyev hadisə yerindən tamamilə kənarda Xətai rayonu ərazisində yaşayır və həmin gün hadisə yerinə şəxsiyyəti istintaqa məlum olan tanışı ilə görüşmək məqsədilə ilə gəlmiş, həmin marşrutdan gündəlik və ya daimi olaraq istifadə etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, sürücü K.Abdullayev sentyabr ayından etibarən Nizami küçəsində fəaliyyət göstərən hazırlıq kursundan qonşusunun övladını saat 17:30-da götürmək üçün həmin istiqamətdə hər gün hərəkət etmişdir.  

Bundan başqa, hadisədən əvvəl təxminən 2 saat ərzində sürücü K.Abdullayevin və O.Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücü K.Abdullayevin O.Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut “Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə tam müəyyən edilmişdir. Məlumatlardan görünür ki, onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olmuş, hərəkət istiqamətləri hadisədən əvvəl heç bir halda kəsişməmiş, sürücü tərəfindən O.Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməmişdir.  

Bakı Nəqliyyat Agentliyindən verilmiş məlumata əsasən həmin vaxt yaranan tıxaclar nəzərə alınmaqla sürücü K.Abdullayev zərərçəkmiş şəxsi ən optimal marşrut üzrə saat 18:16-da 1 saylı Klinik Tibbi Mərkəzə çatdırmışdır.  

İstintaq zamanı sürücü K.Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar əməliyyat yolu ilə toplanılmışdır. Müəyyən edilmişdir ki, o, 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, 2009-cu ildə işləmək məqsədilə Bakı şəhərinə gəlmiş, 2019-cu ilin iyun ayından etibarən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Ailəlidir, bir övladı vardır. Əvvəllər məhkum olunmamışdır.

Aidiyyəti dövlət qurumları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində K.Abdullayevin həyat tərzi ilə bağlı hər hansı şübhəli məqamların, zərərçəkmiş şəxs O.Gülalıyevlə əvvəllər tanışlığının, ədavətinin olmaması müəyyən edilmiş, eləcə də sonuncunun hadisədən əvvəl izlənilməsi, təqib edilməsi və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar, xüsusilə O.Gülalıyevin olduğu yerin hər hansı kənar şəxs vasitəsilə telefon və ya internet vasitəsilə sürücü K.Abdullayevə bildirilməsi fərziyyəsi istintaqla təsdiq olunmayıb.

Bu və digər hallar üzrə, o cümlədən zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması hissəsində istintaq tədbirləri davam etdirilir.

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxsin məhkəmə məsuliyyətinə verilməsi təmin ediləcəkdir.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date