Ahıl kişini daşla vurub pulunu alan şəxsə ağır cəza verilib

Təqsirləndirilən şəxs

© APA | Təqsirləndirilən şəxs

# 08 sentyabr 2022 17:03 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Yük Daşımaları Departamentinin Bakı Vaqon Təmiri Zavodunda gözətçi işləyən ahıl kişinin başına daşla vurub quldurluq etməkdə ittiham olunan Samir Xudaverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə hökm oxunub.
Hökmə əsasən Samir Xudaverdiyev silah və ya silah qismində əşyalar tətbiq edilməklə quldurluq etməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmədə təqsirləndirilən şəxsin hazırda ittiham olunduğu cinayəti törətməmişdən 6 ay əvvəl həbsdən çıxığı məlum olub. O, sonuncu cinayətə görə təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayında Binəqədi rayonunda qeydə alınıb.
Məlumata görə, Samir Xudaverdiyev Biləcəri dəmiryolu stansiyasının ərazisində zərərçəkmiş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb. Daha sonra onun üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq istintaqa cəlb olunub. Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun “28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR