Arvadını namus üstündə öldürən şəxs özünü günahkar bilmir

Arvadını namus üstündə öldürən şəxs özünü günahkar bilmir
# 09 oktyabr 2019 15:44 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Zahid Novruzov özünü təqsirli bilməyib. Deyib ki, arvadını öldürmək niyyəti olmayıb.

Onun sözlərinə görə, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Məhkəmə araşdırması davam edir.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış, Laçından olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Z.Novruzov yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR