Arvadını öldürən məhkəmə hakiminin cəzası 3 il azaldılıb - VİDEO

Fəqan Əhmədov

© APA | Fəqan Əhmədov

# 29 aprel 2022 16:49 (UTC +04:00)

Bakıda arvadını öldürməkdə təqsirləndirilən sabiq məhkəmə hakimi Fəqan Əhmədovun barəsində olan hökmlə bağlı apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Fəqan Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

Məlumatı təqsirləndirilən şəxsin vəkili Bəylər Məmişov APA-ya təsdiq edib.

Vəkil bildirib ki, məhkəmə qərar qəbul edərkən müdafiə etdiyi şəxsin hadisəni ehtiyatsızlıqdan törətməsini, üç azyaşlı övladının olmasını və zərərçəkmiş tərəfin şikayətçi olmamasını yumşaldıcı hal kimi qəbul edib.

Bu əsaslarla Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən daha yüngül cəza təyin etmə) maddəsi tətbiq olunaraq Fəqan Əhmədovun həbs müddəti 3 il azaldılıb.

Xatırladaq ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə ilə bağlı Fəqan Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fəqan Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR