DİN Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulmasının səbəbini açıqlayıb - YENİLƏNİB

Anar Əsədli

© APA | Anar Əsədli

# 18 noyabr 2022 17:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iki vətəndaşdan daxil olmuş şikayət əsasında Anar Əsədlinin barəsində belə bir qərar tətbiq olunub.

Nazirlikdən o da bildirilib ki, hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır: “Belə ki, Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır”.

***

16:56

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub.

APA xəbər verir ki, bu barədə Anar Əsədli özünün sosial şəbəkədəki hesabında məlumat yayıb.

O bildirib ki, bu gün Ankaraya səfər etməli imiş, lakin Daxili İşlər Nazirliyi (DİN) onun ölkədən çıxışına qadağa qoyub.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava limanında olduğunu bildirən Anar Əsədli məsələ ilə bağlı DİN rəhbərliyinin məlumatlandırıldığını qeyd edib.

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub. Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR