Prokuror anasını öldürən 15 yaşlı oğlanın ittihamının ağırlaşdırılmasına etiraz edib

Prokuror anasını öldürən 15 yaşlı oğlanın ittihamının ağırlaşdırılmasına etiraz edib
# 07 sentyabr 2022 15:32 (UTC +04:00)

Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 15 yaşlı İ.M.-nin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə zərərçəkmiş Ülviyyə İsmayılovanın hüquqi varisi kimi tanınmış anası məhkəmədə iştirak etməyib, onu nümayəndəsi əvəz edib. Hüquqi varis vəsatət qaldıraraq məhkəmə istintaqı gedişində ittiham olunan şəxsin əməlinin Cinayət Məcəlləsinin daha ağır 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib.

Prokuror vəsatətə anında münasibət bildirərək rədd olunmasını tələb edib: "Bu, ailə arasında olan bir məsələdir. Hamıya məlumdur ki, qanunun tələbinə görə ağırlaşmış maddə ilə ittiham olunsa belə yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza təyin etmək olmaz".

İttiham olunan şəxsin atası da prokurorun münasibətini dəstəkləyib. Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlə çıxış edib.

Dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsatəti müdafiə edib. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, işin baxışa təyin edilməsini istəyib.

Məhkəmə qətimkan tədbiri ilə bağlı vəsatəti təmin, prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti isə rədd edib. Təqsirləndirilən şəxsin ittihamının ağırlaşdırılması ilə bağlı vəsatət isə baxılmamış saxlanılıb.

Baxış iclası sentyabrın 20-ə təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin aprel ayında Neftçlilər metro-stansiyasının yaxınlığında qeydə alınıb.

Rəsmi məlumata görə, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü İ.M.-nin qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən yeniyetməyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR