Rafael Cəbrayılovun 4 ay əvvəl həbs olunan qardaşı azadlığa buraxılıb - YENİLƏNİB

Rafael Cəbrayılov

© APA | Rafael Cəbrayılov

# 31 avqust 2022 12:18 (UTC +04:00)

Baş Prokurorluq həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun külli miqdarda dələduzluqda ittiham olunan qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı məlumata münasibət bildirib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

***

10.45

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun külli miqdarda dələduzluqda ittiham olunan qardaşı Elşən Cəbrayılov azadlığa buraxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, cinayət əməlinə görə bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilmiş Elşən Cəbrayılov zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib.

İstintaq orqanı buna görə, təqsirləndirilən şəxsin həbsinin davam etməsi ilə bağlı məhkəməyə təqdimat verməyib.

Elşən Cəbrayılov təcridxandan birbaşa azadlığa buraxılıb. Elşən Cəbrayılov barəsində cinayət işinə prokurorluq tərəfindən xitam verildiyi də bildirilib.

Onu da qeyd edək ki, Elşən Cəbrayılovun qardaşı Rafael Cəbrayılovun işi ilə bağlı da cinayət məsuliyyətinə cəlb olunması tələb olunur. Rafael Cəbrayılovun hüquqi varisi olan həyat yoldaşı və iş üzrə zərərçəkmiş şəxslər bununla bağlı məhkəməyə müraciət ediblər.

Nərimanov Rayon Məhkəməsi isə şikayəti əsassız hesab edərək rədd edib.

Xatırladaq ki, Elşən Cəbrayılov Nərimanov Rayon Pollis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.
Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR