Rüşvətdə ittiham olunan vəzifəli şəxs özünü təqsirli bilmir

Rüşvətdə ittiham olunan vəzifəli şəxs özünü təqsirli bilmir
# 23 iyul 2019 16:22 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin vəzifəli şəxsləri - Mehdi Abdullayev və Novruz Alkərəmov barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Mehdi Abdullayev sərbəst ifadə verib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyi deyib: “Mənə qarşı verilən ittihamın əsası yoxdur, heç bir sübuta söykənməyib. Biz hər gün bir neçə vətəndaşla görüşürdük. Lakin ittihamda rüşvət aldığım bildirilən Teymur Aslanovu tanımıram. Bir dəfə istintaqda görmüşəm. Heç vaxt da ondan rüşvət almamışam, görüşməmişəm. Bunu sübut edən bir fakt da yoxdur”.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması faktları olub.

Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir.

M.Abdullayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR