Ucarda maskalı şəxslər avtomobil sürücüsünə hücum edib - FOTO - VİDEO

Ucarda maskalı şəxslər avtomobil sürücüsünə hücum edib - FOTO  - VİDEO
# 08 dekabr 2022 08:59 (UTC +04:00)

Ucarda quldurluq edən üç nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir nəfər vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

Araşdırmalarla onların Ucar rayon sakinləri Əbdürrəhim Məcidov, Əli İbrahimov və Zərdab rayonunda qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Elxan Əhmədov olduqları müəyyən edilib.

İlkin izahatlarında onlar törətdikləri əməli etiraf ediblər.

Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan şəxslər dekabrın 6-da axşam saatlarında rayon ərazisində yerləşən qızıl mağazalarının birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində 7000 manat civarında dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək naməlum şəxslərə qarşı müqavimət göstərib. Bu zaman isə həmin şəxslər vətəndaşa xəsarət yetirməklə bərabər avtomobilin şüşəsini qırıblar və hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman isə üzlərinin tanınmaması üçün tibbi maskadan istifadə ediblər.

Faktla bağlı Ə.Məcidov, Ə.İbrahimov və E.Əhmədov barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, zərərçəkən Vüqar Əliyev uzun müddət Ukraynada yaşayıb. Orada baş verən məlum hadisələrdən sonra doğulduğu Ucar rayonuna gəlib. V. Əliyevin dediyinə görə, yaxın qohumunun qızıl satışı mağazasından, iş vaxtı bitdiyi üçün qızılları çantaya qoyaraq evə aparmaq məqsədi ilə avtomobilinin baqaj hissəsinə qoyub. Bu vaxt maskalanmış 2 nəfər ona yaxınlaşaraq baqajı açaraq qızıl çantasını onlara verilməsini tələb ediblər. Vüqar Əliyev onların istəklərini yerinə yetirmədikdə maskalı şəxslər əllərindəki dəmir parçası ilə əvvəlcə ona xəsarət yetiriblər. Daha sonra Vüqara məxsus avtomobilin arxa şüşəsini qıraraq hadisə yerindən qaçıblar. Çox qısa müddətdə polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayaraq istintaqa təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR