Yanğınsöndürmə balonları hazırlayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb - VİDEO

Yanğınsöndürmə balonları hazırlayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
# 15 noyabr 2022 12:22 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlama zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik Bakı şəhəri, Nizami rayonunda yerləşən “Fire Safety Caspian Azerbaijan” MMC-də ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələr Fövqəladə Hallar Nazirliyinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasında laborator müayinələrdən keçirilib. Laboratoriya sınaqlarının nəticəsində məlum olub ki, sözügedən maddələrin kimyəvi tərkibi normativ tələblərə cavab vermir və yanğınların söndürülməsində yararsız olmaqla yanaşı insan həyatı və sağlamlığı üçün təhlükəlidir.

Qeyd olunanları nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya üzrə fəaliyyət sahəsində ciddi qanun pozuntusuna yol vermiş “Fire Safety Caspian Azerbaijan” MMC-nin yanğınsöndürmə balonlarının doldurulması və ya tərkibinin yenilənməsi üzrə fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və aşkar olunmuş pozuntuya hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanına müraciət olunub.

Bununla yanaşı, fəaliyyət növünün həyata keçirilməsi zamanı müəssisə tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarının aşkar olunması səbəbindən lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR