Üç çavuşu qətlə yetirən, iki əsgər yoldaşını isə yaralayan kiçik çavuşun səhhətində psixi pozğunluq yarandığından məhkəməsi təxirə salınıb

Üç çavuşu qətlə yetirən, iki əsgər yoldaşını isə yaralayan kiçik çavuşun səhhətində psixi pozğunluq yarandığından məhkəməsi təxirə salınıb
# 09 oktyabr 2009 10:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında “N” saylı hərbi hissəsinin təlim mərkəzində 3 çavuşu qətlə yetirən, əsgər yoldaşlarından ikisini isə odlu silah vasitəsilə yaralayan Azərbaycan Ordusunun kiçik çavuşu Orxan Səfərovun cinayət işi üzrə hazırlıq iclası təxirə salınıb. APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs prosesə gətirilməyib. Hakim deyib ki, buna səbəb O. Səfərovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə olunmasıdır. Hakim Müalicə Müəssisəsinin baş həkimi Rəşad Dəmirov tərəfindən məhkəməyə ünvanlana məktubu elan edib. Məktubda bildirilib ki, Orxan Səfərovun səhhətində psixi pozğunluq yaranıb, bu səbəbdən də o, müəssisənin ruhi-əsəb xəstəlikləri şöbəsinə yerləşdirilib.

Məhkəmə Müalicə Müəssisəsinin baş həkimi Rəşad Dəmirovun məlumatını əsas gətirərək, hazırlıq iclasının noyabrın 2-nə təxirə salınması barədə qərar qəbul edib.

Qeyd edək ki, mayın 23-də saat 11:00 radələrində Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin təlim mərkəzində, kiçik çavuş Orxan Səfərov avtomat silahdan atəş açaraq çavuşlar Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb. O, Azərbaycan Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürmə və iki və daha çox şəxsi öldürməyə cəhd maddələri ilə ittiham olunur.

İttihama görə, O. Səfərov Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29. 120 (cinayət etməyə cəhd) və 332.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR