Maliyyə Nazirliyinin rəsmisi: “Azərbaycanın 2010-cu il dövlət büdcəsində müdafiə xərcləri azaldılmayıb”

Maliyyə Nazirliyinin rəsmisi: “Azərbaycanın 2010-cu il dövlət büdcəsində müdafiə xərcləri azaldılmayıb”
# 05 noyabr 2009 15:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Azərbaycanın 2010-cu il dövlət büdcəsində müdafiə xərcləri azaldılmayıb”. APA-nın məlumatına görə, bunu Milli Məclisdə «Azərbaycan Respublikasının 2010-cu il üzrə dövlət büdcəsi» haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandıran Maliyyə Nazirliyinin büdcə şöbəsinin müdiri Fazil Fərəcov bildirib.

Deputat Rəfail Cərbayılov və Fəzail Ağamalı büdcənin “müdafiə xərcləri” təsnifatı üzrə nəzərdə tutulan vəsaitlərin artırılmasının vacibliyini vurğulayıblar. R. Cəbrayılov 2010-cu ilin büdcəsində qeyd olunan bölmə üzrə xərclərin 2009-cu ildə nəzərdə tutulandan 145 mln. manat az olduğunu bəyan edərək Maliyyə Nazirliyinin nümayəndəsindən buna aydınlıq gətirməsini istəyib.

Maliyyə Nazirliyinin rəsmisi onu da əlavə edib ki, bu bölmədə azalma olmayacaq. Qeyd olunan 145 mln. manat vəsait Xüsusi Müdafiə Fonduna köçürüləcək.

Qeyd edək ki, gələn ilin büdcəsində müdafiə xərcləri 1 205 827 744 manat təşkil edir. Bunun 1 120 991 187 manatı müdafiə qüvvələri, o cümlədən 856 586 973 manatı Müdafiə Nazirliyi, 89 306 570 manatı Dövlət Sərhəd Xidməti, 6 652 000 manatı maddi-texniki təminatın möhkəmləndirilməsi ilə bağlı xərclərə, 80 026 523 manatı Milli Təhlükəsizlik Nazirliyi, 2 425 271 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 384 763 manatı isə digər kateqoriyalara aid edilməyən xərclər çərçivəsində Müdafiə Sənayesi Nazirliyi üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR