Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin İntizam xarakterli hərbi hissəsində monitorinq keçirib

Ombudsmanın nümayəndələri Müdafiə Nazirliyinin İntizam xarakterli hərbi hissəsində monitorinq keçirib
# 18 oktyabr 2010 17:02 (UTC +04:00)
Bakı - APA. Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Fəzail Həsənov və Adil Hacıyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığı ilə Salyan rayonu ərazisində yerləşən, Müdafiə Nazirliyinin tabeliyində olan İntizam xarakterli hərbi hissədə monitorinq aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq zamanı məhkum hərbi qulluqçuların həbsdə saxlanma rejimi, onların yaşayış şəraiti, asudə vaxtın təşkili, sağlamlıqlarının qorunması, qidalanma vəziyyəti və digər hallar əlaqəli şəkildə araşdırılıb.

Araşdırma zamanı məhkumlara qarşı münasibətin, saxlanma rejiminə uyğun məhkum yataqxanalarında təbii işıqlanmanın və təmizliyin normal olduğu, məhkumların istifadəsindəki çarpayı və yataq dəstlərinin, hamam və digər ümumi istifadə yerlərinin sanitar-gigiyena normalarına cavab verdiyi, məhkumların sayına uyğun gəldiyi müəyyən edilib. Həmçinin məhkumların asudə vaxtlarını keçirmək üçün müvafiq şəraitin, o cümlədən futbol, voleybol meydançalarının və turnikin olduğu, kitab, jurnal və qəzet oxumaları üçün onlara müvafiq şəraitin yaradıldığı aşkar edilib.

Qeyd olunmalıdır ki, məhkumlara bağlamaların, sovqatların, banderolların, qısa və uzunmüddətli görüşlərin, telefon danışıqlarının verilməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin və «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində intizam batalyonu haqqında» Əsasnamənin tələblərinə uyğun təşkil edilib.

Baxış zamanı qeyd edilənlərlə yanaşı, bir sıra çatışmazlıqlar da aşkar edilib. Məhkumların yaşayış şəraiti öyrənilərkən məlum olub ki, məhkumlar üçün müəyyən olunmuş yataqxanalar və digər binalar, həmçinin hərbi hissə qışda dizel yanacağı ilə işləyən sobalar vasitəsilə qızdırılır, bu isə saxlama şəraiti normalarına ziddir və sağlamlığa təhlükə yarada bilər.

Hərbi hissənin mətbəxinin, əsgər yeməkxanasının, ərzaq anbarının yararsız hala düşmüş dam örtüyünün su buraxdığı, ümumilikdə bu binaların əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilib. Məhkumlar üçün ayrılmış uzunmüddətli görüş otağının ümumi vəziyyəti və lazımi əşyalarla təminatı da qeyri-qənaətbəxşdir.

Araşdırma zamanı məlum olub ki, hərbi hissənin daimi tərkibində qadın hərbi qulluqçu olmadığından, məhkumlarla görüşə gəlmiş qadınların üzərində axtarış yalnız vizual baxış və sorğu-sual əsasında həyata keçirilir.

Yoxlama zamanı beş hal üzrə eyni cinayət işində məhkum olunmuşların (bir iş üzrə iki nəfər olmaqla cəmi 10 nəfər) Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələblərinə zidd olaraq, bir yerdə saxlanıldığı da müəyyənləşdirilib. Bu hal isə məhkumların şəxsi təhlükəsizlik hüququnun təminatı ilə ziddiyyət təşkil edir.

Ombudsman müdafiə naziri S.Əbiyevə məktubla müraciət edərək, İntizam xarakterli hərbi hissədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi və nəticəsi barədə məlumatların bildirilməsini xahiş edib.

Müvəkkil habelə Salyan rayon İcra Hakimiyyətinin başçısı Ə.Hüseynova da məktubla müraciət edərək, rayon ərazisində yerləşən hərbi hissənin təbii qazla təminatına dair nəzərdə tutulmuş tədbirlərin sürətləndirilməsində yardımçı olmasını və nəticəsi ilə bağlı məlumat verilməsini xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR