Ağcabədi, Lənkəran, Oğuz və Sumqayıtda şəhidlər dəfn edilib - FOTO

Şəhid Nail Abbasovun dəfni

© APA | Şəhid Nail Abbasovun dəfni

# 14 sentyabr 2022 11:40 (UTC +04:00)

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Əsgər Fərzəliyev Emin Elnur oğlu Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin tabutuna sarılmış Azərbaycan bayrağı, atası Elnur Fərzəliyevə təqdim olunub.

Habil Aslanoğlu

Lənkərandan olan şəhid Xəyal Əhədzadə Əlövsət oğlu dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Nərimanabad qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki şəhid Xəyal Əhədzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O Füzulidən Şuşaya kimi döyüş yolu keçib. Ölkə başçısının müvafiq sərəncamları ilə orden və medallarla təltif edilib.

İlkin Rzayev

Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Oğuz rayonu Qarabaldır kənd sakini Nail Adil oğlu Abbasovun cənazəsi bu gün doğulduğu Oğuz rayonu Qarabaldır kəndinə gətirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Nail Abbasovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Nail Abbasov kəndinin qəbiristanlığında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

Vüqar Heydərov

Sumqayıt şəhərindən olan şəhid, 19 yaşlı Bəxtiyar Muradovun nəşi vida üçün doğulub boya başa çatdığı 42-ci məhəlləyə gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, vida mərasimində şəhidin ailə üzvləri ilə yanaşı şəhər rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbiçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Bəxtiyar Muradov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR