Cəlilabad və Ağdaşda şəhidlər dəfn edilib - FOTO

Cəlilabad və Ağdaşda şəhidlər dəfn edilib - FOTO
# 16 sentyabr 2022 11:27 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynalı Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib.

Onunla vida mərasimi keçirilib. Sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak edib. Rayon rəhbəri üç rəngli bayrağı atasına təqdim edib.

Qeyd edək ki, şəhid Hüseynalı Nəbiyev subay idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

İlkin Rzayev

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE), 2002-ci il təvəllüdlü Qurbanov Xəqan Daşqın oğlunun nəşi Ağdaş rayonuna gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə şəhid Xəqan Qurbanovla vida mərasimi onun Abad kəndindəki evində keçirilib, cənazə namazı qılınıb, ruhuna dualar oxunub.

Mərasimdə şəhidin ailə üzvləri, rayon rəhbərliyi, hərbçilər, qazilər, şəhid valideynləri, ictimaiyyət nümayəndələri iştirak edib. Vətən uğrunda canından keçən Xəqan Qurbanov "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdi, bizim olacaq" şüarları ilə son mənzilə yola salınıb.

Şəhidimiz Abad kənd qəbiristanlığında torpağa tapşırılıb, cənazənin üstündəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Daşqın Qurbanova təqdim olunub, havaya yaylım atəşi açılıb. Şəhidin məzarı önündə onun döyüş yolu barədə danışılıb, dualar oxunub, məzarı üstünə əklillər düzülüb.

Qeyd edək ki, şəhid Xəqan Qurbanov 3 ay öncə hərbi xidmətini başa vurmuşdu və könüllü orduda qalaraq Vətənə xidmətini MAXE kimi davam etdirirdi. O, nişanlı idi, ailə qurmağa hazırlaşırdı.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR