Ombudsmanın sorğularından sonra çağırışçılara möhlət verilib

Ombudsmanın sorğularından sonra çağırışçılara möhlət verilib
# 03 mart 2023 14:02 (UTC +04:00)

Hərbi qulluqçular və onların ailə üzvlərindən daxil olmuş müraciətlər üzrə araşdırmalar aparılıb, müvafiq tədbirlər görülüb.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, müraciətlərdə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və ya çağırışdan azad edilmə üçün əsasların olması nəzərə alınmadan hərbi xidmətə cəlb edilmə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular arasında qarşılıqlı nizamnamə qaydalarının pozulması, hərbi xidmət zamanı istifadə edilməmiş əşya əmlakına və məzuniyyət günlərinə, həmçinin digər əsaslara görə hərbi qulluqçulara pul kompensasiyasının vaxtında verilməməsi, hərbi qulluqçuların müxtəlif səbəblərdən ehtiyata buraxılmaları ilə əlaqədar müraciətlərinə baxılmasının gecikdirilməsi kimi hallar, habelə hərbi qulluqçuların, o cümlədən ehtiyatda və istefada olan hərbi qulluqçuların və onların ailə üzvlərinin bəzi sosial problemləri, o cümlədən mənzil təminatı ilə bağlı məsələlər öz əksini tapıb.

Bəzi müraciətlərdə ərizəçilər müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş, o cümlədən təhsili davam etdirməyə, yaxud da sağlamlıq və ailə vəziyyətinə görə əsasların olmasına baxmayaraq, çağırışçıların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müxtəlif şöbələri tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müddətli həqiqi hərbi xidmətə göndərildiyini bildiriblər. Belə müraciətlər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqda araşdırılıb. Təhlillər göstərir ki, sağlamlığında müəyyən problemlərin olmasına baxmayaraq, hərbi xidmətə çağırılan şəxslərin səhhətində adətən, sonradan ağırlaşmalar baş verib, nəticədə onlar hərbi hospitallarda uzun müddət müalicə alıb, əksər hallarda isə tibbi şəhadətləndirilmədən sonra hərbi xidmətə yararsız kimi xidmətdən tərxis ediliblər.

Göründüyü kimi, həmin çağırışçılar sağlamlıq durumuna görə hərbi xidmətə yararsız olduqları halda müəyyən müddət hərbi xidmət keçməyə məcbur olur, digər tərəfdən, onların hərbi hospitallarda müayinə və müalicəsi büdcə vəsaitinin israfı ilə nəticələnir. Belə hallar şəxsi heyətin ştat tamlığının pozulmasına, nəticədə kadr çatışmazlığına və hərbi bölmələrin şəxsi heyət üzvlərinin xidmət zamanı əlavə xidmətə cəlb edilməsinə də səbəb olur.

Sağlamlıq problemi ilə əlaqədar bir çox müraciətlər üzrə Ombudsmanın aidiyyəti qurumlara sorğularından sonra sağlamlıq vəziyyətinə görə çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilib, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular isə əksər hallarda hərbi xidmətə yararsız kimi xidmətdən tərxis edilib, bəziləri isə xidmətini davam etdirmək üçün sağlamlıq vəziyyətlərinə uyğun digər bölmələrə köçürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR