Ötən il DSX əməkdaşları 18 qaçaqmalçı qrupu zərərsizləşdirib

Ötən il DSX əməkdaşları 18 qaçaqmalçı qrupu zərərsizləşdirib
# 10 mart 2021 11:12 (UTC +04:00)

2020-ci il Dövlət Sərhəd Xidməti üçü dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi, Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində işğal altında olan ərazilərin azad edilməsi ilə əlamətdar olub.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, Baş Prokurorluqla qarşılıqlı əlaqədə barələrində cinayət işi qaldırılmış 14 nəfər Qarabağ ərazisində Ordumuza qarşı döyüşmüş muzdlu xarici ölkə vətəndaşı, 10 terrorçu təşkilatı, 6 nəfər separatçı rejimə maliyyə dəstəyi göstərən erməni mənşəli əcnəbi vətəndaş, eləcə də sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan və ölkəmizə qarşı açıq terrora çağırış edən 7 nəfər Ermənistan vətəndaşı barədə məlumat mübadiləsi aparılıb.

Terrorçuluğa qarşı mübarizə çərçivəsində xarici münaqişə zonalarında döyüşmüş 4 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib. Dini ifrat məzhəbçiliyi təbliğ edən materialların və nəşrlərin ölkəyə idxalı ilə məşğul olan şəxslər müəyyənləşdirilərək barələrində adiyyatı orqanlar məlumatlandırılıb və dövlət sərhədindən hərəkətləri nəzarətə götürülüb.

Hesabatda bildirilir ki, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 32 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 2 nəfər və bu fəaliyyətlə məşğul olan 3 qrup məsuliyyətə cəlb edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nəfər insan alveri qurbanı müəyyənləşdirilərək aidiyyəti orqanlara məlumat verilib.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2020-ci ildə 250 halda 322 nəfər sərhəd pozuçusu saxlanılıb. Saxlanılan sərhəd pozucularının 18 faiz (54 nəfər) qadın olub.

Sərhədboyu rejim qaydalarını pozduğu üçün 2,6 min halda 3,1 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində aşkar edilərək götürülmüş əşyaların, pulların, qiymətli kağızların və zinət əşyalarının, narkotik vasitələrin və dövriyyəsi qadağan edilmiş digər predmetlərin məbləği təxminən 152 milyon 156,6 min manat təşkil edib.

Qabaqlayıcı məlumatlar əsasında silah-sursat götürülərək (9 tapança, 15 ov tüfəngi, 378 patron, 2 gecəgörmə cihazı, 3 ədəd daraq) adiyyatı hüquq-mühafizə orqanlarına təhvil verilib. Xəzər dənizinin Azərbaycana mənsub bölməsində 22 ədəd tank əleyhinə mina, 1 ədəd BM-9 top mərmisi, 3 ədəd PŞD-1 markalı tüstü şaşkası, 9 ədəd F-1 əl qumbarasının partladıcısı, 6 ədəd siqnal fişəngi, 7 ədəd butulkada kustar üsulla hazırlanmış partlayıcı aşkar olunaraq ərazi sularından götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər Azərbaycan və 10 nəfər İran vətəndaşı saxlanılaraq istintaqa cəlb edilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan 18 qaçaqmalçı qrup zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR