Nəqliyyat sektorunda yük daşımaların həcmi artıb

Nəqliyyat sektorunda yük daşımaların həcmi artıb
# 19 avqust 2019 18:42 (UTC +04:00)

2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 2,7%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 64,1%-i avtomobil nəqliyyatı, 26,8%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,9% təşkil edib. 2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul ayları ərzində 8,2 milyon ton yük, 1,9 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,4%, sərnişin daşınmasında isə 26% artım müşahidə olunub. Orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul aylarında daşınan yüklərin həcmi 3563,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% azalıb. Yüklərin 34,1%-i neft yükləri təşkil edib. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 23,1% artaraq 11,2 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR