Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb
# 16 dekabr 2020 11:48 (UTC +04:00)

11-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli olub.

Festivalın Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, COVID-19 pandemiyası səbəbindən bu il onlayn formatda reallaşan festival 6 günlük marafonunu yekunlaşdırıb.

Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı “Ən yaxşı bədii film” nominasiyasında makedoniyalı Georgi Unkovskinin “Stiker”, “Ən yaxşı sənədli film” portuqaliyalı İnes Luisin “Siz evdə qalmalıydınız, səfehlər”, “Ən yaxşı animasiya filmi” Bosniya və Hersoqovinanı təmsil edən Aleta Rajicin “Təbii seçim” filminə verilib.

Festivalın “Ən yaxşı animasiya film rejissoru” İva Tokmakçiyeva (“Gəl, dünən görüşək”), “Ən yaxşı sənədli film rejissoru” italiyalı Manuel Marini (“Səmalar”), “Ən yaxşı bədii film rejissoru” kolumbiyalı Daniela Abad Lombana (“Çarpayı”) seçilib.

Münsiflər heyətinin xüsusi mükafatına “Uordun xına mərasimi” (Murad Mostafa), xüsusi diplomuna isə “Əbədi gecə” (Pedro Peralti) filmi layiq görülüb.

Yerli müsabiqənin “Qızıl nar” mükafatına “Ən yaxşı bədii film” üzrə Azər Allahverdiyevin “Üç yol”, “Ən yaxşı sənədli film” üzrə Toğrul Musa, Nurlan Həsənlinin “Bir ata haqqında”, “Ən yaxşı animasiya filmi” üzrə Fidan Axundovanın “Quzğun”, “Ən yaxşı sosial çarx” üzrə Nicat Qədimlinin “Tezliklə”si layiq görülüb.

“Üç yol” festivalın “Ən yaxşı ssenari” nominasiyasında da qalib olub.

“Münsiflər heyətinin diplomları” “Quyu” (Elnur Paşa), “Sükut” (Ceyhun Türksoy), “Anamla dəqiqələr” (Sənan Səfərli) və “Züleyxa ilə dialoqlar” (Rəşid Ağamalıyev) filminə verilib.

“Bakı küləyi” bədii filmi (Şirin Əhmədov) “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin, “Döngə” sənədli filmi (Vəfa Ağabalayeva) “AzərNyuMedia” şirkətinin mükafatı, “Tıq-tıq və dostları möcüzələr axtarışında” animasiyası (Sultan Abbasbəyli) “ÖZ FİLM” şirkətinin xüsusi diplomu ilə təltif olunub.

“Cinemobil” müsabiqəsinin qalibi isə Sənan Səfərovun “Bir zamanlar Dərnəgüldə” filmi seçilib.

Festivalın direktoru Fehruz Şamıyevin sözlərinə görə, onlayn film nümayişləri kinosevərlər tərəfindən maraqla qarşılanıb: “Festivalın Beynəlxalq, Yerli, Cinemobil müsabiqəsində yarışan ümumilikdə 85 film xüsusi platformada yayımlanıb və maraqla izlənilib”.

Qeyd edək ki, “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Festivalın dəstəkçiləri sırasında Dövlət Film Fondu, "Azərbaycanfilm" kinostudiyası, Nizami Kino Mərkəzi, “02 media”, Prodüserlər Gildiyası və "ÖZ FİLM" şirkəti də yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR