“Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib

“Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib
  • Clock-gray 12:31
  • calendar-gray 11 Dekabr 2020

UNESCO-nun Almatı bürosunun təşəbbüsü ilə ResiliArt layihəsi çərçivəsində “Pandemiya dövründə muzeylər: Yeni normalara uyğunlaşma” mövzusunda onlayn konfrans keçirilib. 

Azərbaycan Milli Xalça Muzeyindən APA-ya verilən məlumata görə, konfransa muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova da qatılıb. 

Ş.Məlikova COVID-19 pandemiyası dövründə Azərbaycan Milli Xalça Muzeyinin onlayn fəaliyyəti barədə çıxış edib. O, rəhbərlik etdiyi muzeyin çox qısa zamanda öz işini karantin dövrünün tələblərinə uyğunlaşdırdığını bildirib.

Direktor “Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində həyatını xalçaçılıq sənətinə həsr etmiş mütəxəssislər, xalçaçı-rəssamlar, toxucular və onların muzeyimizdə qorunan xalçaları haqqında izləyicilərin məlumatlandırıldığını, həmçinin onlayn mühazirələrin keçirildiyini vurğulayıb.

Ş.Məlikova bu dövr ərzində muzeyin reallaşdırdığı “Tanınmış şəxslərlə virtual tur”, “Xalça hekayələri”, “Qarabağın xalça xəritəsi” kimi maraqlı layihələr barədə də danışıb. Muzeyin uşaqları da diqqətdən kənarda qoymadığını, onlar üçün onlayn ustad dərsləri, nağıl saatı, tamaşalar, kölgə teatrı kimi maraqlı rubrikaların təqdim olunduğunu deyib. 

O,  Vətən müharibəsi dövründə muzeyin paylaşımlarının əsasən Qarabağın təbiəti, tarixi, etnoqrafiyası, milli-mədəni irsi olan xalçaçılıq və digər sənət sahələri, bu torpağın yetişdirdiyi məşhur şəxsiyyətlər barədə olduğunu diqqətə çatdırıb. 

Direktor Azərbaycan Milli Xalça Muzeyinin və ICOM Azərbaycan Milli Komitəsinin Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. O, Milli Komitənin təhlillərinə əsasən COVID 19 pandemiyasının ölkəmizdə fəaliyyət göstərən muzeylərə təsirindən də danışıb. 

Konfransda həmçinin A.Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyinin, Polşanın Asiya və Sakit Okean Muzeyinin, Rerixovlar Muzeyinin (Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin filialı), Qırğız Milli İncəsənət Muzeyinin nümayəndələri mövzu ətrafında çıxış ediblər.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər