“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub
  • Clock-gray 13:15
  • calendar-gray 20 Noyabr 2019

Noyabrın 20-də Şirvanşahlar Sarayında “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı və layihələrin təqdimatı olub.

APA-nın məlumatına görə, açılışda Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək, noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin keçirildiyini bildirib.

Onun sözlərinə görə, biennalenin strateji hədəfi müasir incəsənətin inkişafı, xarici ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik və təmayüllərin Azərbaycanla uzlaşdırılması və rəssamlar arasında dialoq yaradılmasıdır: “Bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib. Azərbaycandan isə biennaledə 30-dək rəssam iştirak edir. Onlar biennale çərçivəsində görüşüb öz əsərlərini nümayiş etdirəcək və  bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar. Bu da onu göstərir ki, həqiqətən Azərbaycanda müasir incəsənət sahəsində görülən işlər öz bəhrəsini verib və bizim ölkə dünya səviyyəsində bir mədəniyyət ölkəsi kimi tanınır, qəbul edilir”. 

Sonra İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova və biennalenin kuratoru Dilara Vahabova çıxış ediblər. 

Çıxışlardan sonra qonaqlar ekspozisiyalarla tanış olublar. 

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date