“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinə 17 ölkədən rəssam qatılıb

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinə 17 ölkədən rəssam qatılıb
# 21 noyabr 2019 11:50 (UTC +04:00)

Bu gün Muzey Mərkəzində “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinə həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək bildirib ki, bu gün açılışı olacaq “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi noyabrın 25-dək davam edəcək: "Biennalenin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır. Ziyarətçilər hər gün saat 10-dan, axşam 6-a qədər ekspozisiyaları ziyarət edə biləcəklər. Budəfəki biennalenin məqsədi ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsindən ibarətdir. Biennaledə dünyanın 17 ölkəsindən dəvət olunmuş rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Ümumilikdə biennaledə xaricdən 40-dan çox, Azərbaycandan 30-dək rəssam qatılıb".

Q. Qasımovun sözlərinə görə, biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, foto əsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Biennalenin kuratoru Dilarə Vahabova isə sərgilərin Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunduğunu bildirib. O, biennaleyə qatılan rəssamların bir neçəsini təqdim edərək, vurğulayıb ki, əvvəlki illərə nisbətən bu dəfə ekspozisiyaların arasında performanslar çoxluq təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR