Bakıda alman bəstəkarı Rixard Vaqnerin “Mənim həyatım” kitabının təqdimatı keçirilib

Bakıda alman bəstəkarı Rixard Vaqnerin “Mənim həyatım” kitabının təqdimatı keçirilib
# 04 aprel 2014 15:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 4-də Heydər Əliyev Mərkəzində alman bəstəkarı Rixard Vaqnerin “Mənim həyatım” kitabının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, kitab Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan dilində nəşr olunub.

Təqdimat mərasimində nümayiş olunan video təqdimatda R.Vaqnerin “Mənim həyatım” kitabının Azərbaycan dilində nəşri layihəsi haqqında məlumat verilib.

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel kitabın ərsəyə gəlməsinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib: “Bu tədbirdə böyük məmnunluqla iştirak edirəm. Kitabın Azərbaycan dilinə tərcümə olunması böyük əziyyət tələb edən işdir və tərcüməçilər bu işin öhdəsindən gəliblər. Vaqner alman idi, amma o, bütün dünyaya məxsus böyük bəstəkardır. Bu kitab vasitəsilə Azərbaycan oxucusu Vaqnerlə daha yaxından tanış olacaq. Hesab edirəm ki, kitabın çap olunması Azərbaycan-Almaniya əlaqələrinin tərkib hissəsidir”.

Xalq artisti Musa Mirzəyev və “Azad Azərbaycan” Teleradio Kompaniyasının prezidenti Vüqar Qaradağlı kitabın çap olunmasını Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin Azərbaycan mədəniyyətinə böyük töhfəsi kimi dəyərləndiriblər. V.Qaradağlı bildirib ki, kitab R.Vaqnerin təkcə həyatı deyil, onun dövrünün bədii və sənədli təsviridir: “Mənim həyatım”ın Azərbaycan dilində çap olunması böyük mədəni hadisədir. Dahi bəstəkar həyatının ən yaddaqalan məqamlarını bu kitabda cəmləyib. İnanıram ki, kitab vasitəsilə Azərbaycan oxucusu böyük bəstəkarın həyatı və yaradıcılığı, onun dövrü ilə daha yaxından tanış olacaqlar”.

Kitabın redaktorları Vüqar Qaradağlı və Səlim Babullaoğlu, məsləhətçisi Firəngiz Əlizadə, tərcüməçiləri Qismət Rüstəmov və Rəbiqə Nazimqızıdır.

Qeyd edək ki, UNESCO tərəfindən 2013-cü il Rixard Vaqner ili elan olunub.

Təqdimatda əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri R.Vaqnerin əsərlərindən parçalar ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR