Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
  • Clock-gray 08:35
  • calendar-gray 15 Mart 2018

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin aparıcısı Tərlan Akcay sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünya görüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışıb.

 

Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Eldar Quliyev, Mərahim Fərzəlibəyov, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, kinorejissor Şeyx Əbdül çıxış edərək Həsənağa Turabovun teatrda, milli kinomuzda yaratdığı rəngarəng, dolğun obrazlarından, pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Həsənağa Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.

 

Sənətkarın çəkildiyi “Dərviş Parisi partladır” və “Dantenin yubileyi” filmlərindən fraqmentlər göstərilib. Sonda sənətkarın ailəsi adından çıxış edən qızı Sevinc Turabova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Qeyd edək ki, "APA Holding" tədbirin informasiya dəstəkçisidir. 

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date